Daşkənd metallurgiya zavodu Azərbaycana metal prokatının ilk partiyasını göndərib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Daşkənd Metallurgiya Zavodu Azərbaycana 20 ton sinklənmiş və polimer prokat göndərib.

Bunu AzerTimes-a zavodun satış şöbəsinin müdiri Rinat Qabitov deyib.

Onun sözlərinə görə, zavod artıq Azərbaycan bazarına ixracyönümlüdür və yaxın gələcəkdə məhsulların Azərbaycana gəlməsi gözlənilir.

“Biz Azərbaycanda məhsulumuzla maraqlanan şirkətlər ilə danışıqları davam etdiririk və artıq 20 ton həcmində sinklənmiş və polimer prokatın sınaq partiyasını avtomobil nəqliyyatı ilə göndərmişik. Bizim məhsullarımıza Azərbaycan bazarının tələbatı haqqında da təsəvvürümüz var, yaxın gələcəkdə Azərbaycan bazarına təqdim olunan məhsulların həcmini və çeşidini genişləndirməyi planlaşdırırıq”, – deyə R.Qabitov bildirib.

Bundan əlavə, R.Qabitov qeyd edib ki, tikinti şirkətləri Daşkənd metallurgiya zavodunun əsas istehlakçılarıdır.


“Hazırda istehsal həcmi 500 min tondur. Bunun 300 min tonu sinklənmiş, 200 min tonu isə polimer prokatın payına düşür. Bu ilin yekunlarına görə şirkətimiz hazır məhsul istehsal həcmini 130 min tona çatdırmağı planlaşdırır. İstehsal olunan məhsulların ümumi həcmindən şirkətin məhsullarının yalnız 20 faizi ixraca yönəlib”, – zavodun satış şöbəsinin müdiri vurğulayıb.

O, həmçinin qeyd edib ki, Daşkənd metallurgiya zavodu öz məhsullarını Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Ukrayna, Almaniya, Polşa, Baltikyanı ölkələrin bazarlarına ixrac edir.

“Məhsullarımıza maraq göstərən bir sıra ölkələrlə danışıqlar aparırıq və ixrac-satış coğrafiyası maksimum dərəcədə genişləndirilir”, – R.Qabitov əlavə edib.

Teqlər: