İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında Daşkənd Kommünikesi qəbul olunub, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi dəstəklənib, Azərbaycanın Zəngəzur dəhlizi üzrə gördüyü işlər alqışlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
İclasda həmçinin təşkilatın fəaliyyətinə dair bir sıra sənədlər qəbul edilib. Qeyd olunub ki, Nazirlər Şurasının iclasının yekun sənədi kimi qəbul edilmiş Daşkənd Kommünikesində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış Üçtərəfli bəyanatlara uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb.
Kommünike çərçivəsində həmçinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması və hörmət əsasında tənzimlənməsinə dəstək ifadə edilib. Bunun bölgədə mehriban qonşuluq əlaqələri yaradılmasına, davamlı sülh və iqtisadi tərəqqiyə töhfə verəcəyinə inam ifadə olunub.