Daryanın qətli: Kuznetsov Bakıya təşəkkür etdi

Daryanın qətli: Kuznetsov Bakıya təşəkkür etdi

Müasir avrasiyaçılığın ideoloqlarından biri olan Aleksandr Duqinin qızı Darya Duqinanın avqustun 20-də baş vermiş ölümü bu gün Rusiya üçün çox səs-küylü cinayətlərdən biridir.

Bu sözləri rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov AzerTimes-a açıqlamasında deyib.

“Mənim də həmvətənlərimin böyük əksəriyyəti kimi ixtiyarımda yalnız Rusiya mətbuatının bu mövzuda dərc etdiyi məlumatlar var – başqa heç nə yoxdur və buna görə də istintaq fəaliyyətində təcrübəsi olan peşəkar hərbi hüquqşünas olaraq qəti şəkildə deyə bilərəm ki, əlimizdə olan məlumatlar hər hansı konkret nəticə çıxarmaq üçün kifayət deyil.

Təbii ki, istintaq davam etdikcə, bu qanlı dramın motivləri üzə çıxanda, bütün “aktyorlar” dairəsi müəyyənləşəndə bu cinayətin kvalifikasiyası dəyişəcək, lakin bütün bunlar vaxt aparacaq və mən istəmirəm ki, şəxsi mühakimələrimlə istintaqa təzyiq edim. Amma artıq məndə bəzi fikirlər var. Onu deyə bilərəm ki, bu hadisə ətrafında həddən artıq çox qaranlıq, gizli məqamlar mövcuddur…

Bu qətlin arxasında kimin və ya nəyin dayandığını nəhayət obyektiv şəkildə başa düşmək üçün detektivlərə gündəlikdən tutmuş siyasi, o cümlədən kommersiya və sevgiyə qədər, hər bir versiyanı gözdən keçirməyə icazə vermək lazımdır”, – həmsöhbətimiz qeyd edib.

Ekspert fürsətdən istifadə edərək Duqin ailəsinə deyilən xoş sözlərə və başsağlığına görə Azərbaycanın ziyalılarına təşəkkürünü bildirib.

“Azərbaycanın bir sıra mediası, ictimai xadimləri, ayrı-ayrı jurnalistləri, bir sözlə, mərhum Duqinanın fəaliyyətini unutmayan və xatırlamaqda davam edənlərin hamısı yekdilliklə bu terror aktını pisləyib. Duqin və qızının fəaliyyəti isə Vatikanın arxivində gizlədilmir – bu haqda öyrənmək çox asan və sadədir. Axtarış sistemində “Darya Duqina, Azərbaycan, Qarabağ” yazmaqla, onun Azərbaycan xalqı ilə bağlı bütün fikirləri ilə tanış olmaq mümkündür.

Bəli, təbii ki, Duqinanın ölümü ilə bağlı sevincdən az qala atılıb-düşən bəzi insanlar da var. Həmin o azərbaycanlılara xatırlatmaq istərdim ki, Aleksandr Duqin avrasiyaçılıq ideyalarını inkişaf etdirərək və təbliğ edərək Qarabağ məsələsində rəsmi Bakının mövqeyini həmişə dəstəkləyib. Aleksandr və Darya Duqina həmişə deyirdilər ki, Qarabağ Azərbaycandır”, – həmsöhbətimiz qeyd edib.

Teqlər: