Danimarka səfiri: Carlsberg Azerbaijan-ın fəaliyyəti Azərbaycan və Danimarka arasındakı əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir (FOTO)

14 iyun tarixində Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Denni Annan və Danimarkanın Bakıdakı fəxri konsulu Arno Quver cənab Annanın Bakıya rəsmi səfəri çərçivəsində Carlsberg Azerbaijan pivə zavodunu ziyarət etdilər. Qonaqlar Carlsberg Azerbaijan şirkətinin Baş direktoru Vyaçeslav Maltsev və şirkət rəhbərliyi tərəfindən qarşılandı. Carlsberg komandası qonaqlara Carlsberg Azerbaijan-dakı pivə bişirmə prosesini nümayiş etdirərək, pivə sənayesindəki vəziyyətə və şirkətin investisiya planlarına toxundu.

Cənab Annan Carlsberg Azerbaijan-ın ölkəyə yatırdığı yeni investisiyalar ilə Azərbaycan bazarına göstərdiyi etimadı vurğuladı. Bundan başqa, səfir Annan Carlsberg Azerbaijan-ın Azərbaycan və Danimarka arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi üzrə fəaliyyətini və Azərbaycanda Carlsberg biznesinin perspektivlərini olduqca yüksək qiymətləndirdi. Tərəflər 2021-ci ilin may ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Carlsberg Azerbaijan arasında imzalanmış Anlaşma Memorandumunu müzakirə edərək, ölkə iqtisadiyyatının inkişafına yönəlmiş dövlət və biznes arasında açıq və effektiv dialoqun və əməkdaşlığın vacibliyini qeyd etdilər.

Cənab Annan Carlsberg Azerbaijan-ın davamlı inkişafını təmin etmək məqsədilə göstərdiyi səylərini də xüsusi qeyd etdi. Şirkətin “Təmiz Sumqayıt” pilot layihəsi və “Beynəlxalq Sahilyanı Təmizlik günü” kimi layihələrdə tərəfdaşlığı Carlsberg Group-un “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf proqramı çərçivəsində görülən ekoloji tədbirlərin nümunəsidir.

Görüş yerli və qlobal Carlsberg brendlərinin dequstasiyası ilə başa çatdı. Qonaqlar Azərbaycanda istehsal olunan pivənin yüksək keyfiyyətini qiymətləndirərək, onun ixrac perspektivlərindən bəhs etdilər.

Carlsberg Azerbaijan-ın Baş direktoru Vyaçeslav Maltsev: “Cənab Denni Annan və cənab Arno Quveri müəssisəmizdə qəbul etməkdən olduqca məmnunuq. Carlsberg şirkətinin Azərbaycandakı mövcudluğunun Azərbaycan və Danimarka arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə və gücləndirilməsinə kömək edəcəyinə ümudvarıq”.


Danimarkanın Azərbaycandakı səfiri Denni Annan: “Carlsberg Azerbaijan-a bugünkü ziyarətimi olduqca yüksək qiymətləndirirəm. Şirkətin Azərbaycana cəlbolunma və bağlılığı səfərim zamanı mənə aydın oldu. Zavodda istehsal olunan pivə yerli bazarı təmin etməklə yanaşı, yeni iş yerlərini açmağa və iqtisadiyyatı şaxələndirmək istiqamətində çalışan Azərbaycan üçün böyük ixrac potensialına malikdir” .

Carlsberg Azerbajan pivə zavodu Azərbaycanın paytaxtından 10 km məsafədə olan Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitrdir. Şirkətdə 260 nəfər çalışır, əlaqədər sahələrdə 3000-dən artıq əməkdaş fəaliyyət göstərir (podratçılar, pərakəndə satış və qonaqpərvərlik sektoru). Müəssisənin inkişafına şirkətin ümumi sərmayəsi təxminən 60 milyon AZN. Dövlət büdcəsinə illik vergi ödəmələri təxminən 30 milyon AZN təşkil edir. Şirkət portfelinə Xırdalan, Tuborg, Baltika, Əfsanə, Carlsberg, Kronenbourg 1664 Blanc, Seth & Riley’s Garage və s. kimi məşhur markalar daxildir.

Teqlər: