Xəbər - Ceyla Əliyeva – Trend:
Danimarka azad edilmiş ərazilərdə kənd təsərrüfatı sektorunda Azərbaycanla əməkdaşlığa hazırdır.
Bunu AzerTimes-a Danimarkanın Azərbaycandakı səfiri Denni Annan deyib.
O qeyd edib ki, Azərbaycan hökumətinin azad edilmiş ərazilərlə bağlı planları barədə bu bölgəyə diplomatlarla birgə sonuncu səfəri zamanı öyrənib.
Səfirin sözlərinə görə, Danimarka Ağdamın inkişafına töhfə verə, xüsusən də “ağıllı və dayanıqlı şəhər”in yaradılmasında kömək göstərə bilər və bu baxımdan Danimarka çoxsaylı həllər təklif edə bilər:
“Əlbətttə, ilk növbədə minalar təmizlənməlidir. Biz hesab edirik ki, bu regionda kənd təsərrüfatı istehsalı üçün yaxşı imkanlar mövcuddur”.
Ümumilikdə ikitərəfli əməkdaşlıq barədə danışan D.Annan bildirib ki, Danimarka və Azərbaycan əvvəlki kimi neft-qaz sektorunda sıx əməkdaşlıq edir:
“Danimarkanın “Maersk Drilling” şirkətinin “Şahdəniz” layihəsində missiyasını baş vurmasına baxmayaraq, Azərbaycanda digər planları da var. Ümid edirəm ki, yaxın gələcəkdə “Maersk Drilling”lə Azərbaycan arasında əməkdaşlığın davamını görəcəyik. Hər iki tərəfin xeyrinə olan bu əməkdaşlıq ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirəcək”.
Səfir bildirib ki, neft və qaz sahələri ilə yanaşı, Danimarka “yaşıl” enerjiyə keçid sferasında da Azərbaycanla işləməyə hazırdır. O, bununla əlaqədar Energetika Nazirliyində görüş keçirdiyini deyib:
“Görüş zamanı bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahələrində əməkdaşlıq barədə danışmışam. Bakı kimi müasir və inkişaf etmiş şəhərdə enerji səmərəliliyi çox vacibdir. Yaşayış evlərində və hotellərdə enerjiyə qənaət həlləri mühüm məbləğdə pula qənaət etmək imkanı verəcək”.
Səfir əlavə edib ki, Danimarka 2030-cu ilədək tullantıları 70 faiz azaltmaq və 2050-ci ilədək karbon tullantılarının olmadığı ölkəyə çevrilmək üçün uzun illər ərzində “yaşıl” enerjiyə keçidə böyük diqqət ayırıb:
“Kopenhagen 2025-ci ilədək dünyada karbon tullantılarının olmadığı ilk paytaxt olmağa çalışır. Danimarka çox küləkli olduğu üçün ölkəmizdə külək enerjisi çox populyardır. Küləkli günlərdə Danimarkada bütün ölkə boyunca istehlak olunan elektrik enerjisindən daha çox enerji istehsal olunur”.