Bir neçə gündür sosial şəbəkələrdə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun müsahibəsi zamanı Azərbaycana qarşı arzulanmaz sözlərdən istifadə etməsi müzakirə edilir.
Danilov bu müsahibəni 26 avqustda yerli kanala verib, videosu da var: Rusiyanın qaz şantajı qarşısında Qərbin “xəyanət edib-etməyəcəyi” barədə fikirlərini bölüşərkən deyir:
“Mən dəqiq bilirəm ki, bunu Böyük Britaniya etməyəcək, ABŞ dəqiq satmayacaq; mən çox istərdim ki, demokratiya yolunun üstündə hansısa qaz dayanmamış olsun. Ruslar bunu edə bilər: onlar ermənilərə xəyanət etdilər – Azərbaycan özününkü saydığı ərazilərə girdi (hərfi tərcümə: Azərbaycan o ərazilərə girdi ki, hansı ki, özününkü sayır – red.), siz görürsünüz ki, ruslar bu gün Suriyaya xəyanət edir, orda müəyyən proseslər gedir. Heç istəməzdim ki, Avropa bizimlə bu cür davransın. Düşünürəm ki, bu, baş verməyəcək, çünki dünya bunu müşahidə edir”.
Bu ifadələrdə Danilovun Azərbaycana qarşı, yumşaq desək, arzulanmayan, beynəlxalq hüquqa uyğun gəlməyən mövqeyi, daha real desək, ermənipərəstliyi və Bakıya antipatiyası, vicdanını itirməsi görünür.
Danilovun bu müqayisəsi qədər vicdansız, ədalətsiz, beynəlxalq hüquqa zidd müqayisə təsəvvür etmək mümkün deyil. Ukraynanın hərbi-siyasi rəhbərliyində təmsil olunan bu nadürüst Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini “Rusiyanın ermənilərə xəyanəti” kimi təqdim etməyə cəhd göstərir.
Adamın azacıq ləyaqəti və vicdanı olsaydı, Azərbaycanın da Ukrayna kimi ərazilərinin işğal altında olduğunu deyər, Ukraynanı Ermənistanla deyil, Azərbaycanla müqayisə edər, Ermənistanı Rusiyanın müdafiə etməsinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini vurğulayardı.
Adamın azacıq öz dövlətinin maraqlarını qorumaq istəyi olsaydı, Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərini geri qaytarmasını “Azərbaycan özününkü hesab etdiyi ərazilərə girdi” sözü ilə ifadə etməzdi! Çünki Ukraynanın da “özününkü hesab etdiyi” ərazilər var və Krım və Donbas da daxil olmaqla, bu əraziləri Rusiya “mübahisələndirir”.
Rusiyanın Ermənistanı müdafiə etməsi ilə Qərbin Ukraynanı müdafiə etməsi arasında paralellər aparmaq qədər vicdanını, ləyaqətini və ədalət hissini itirmiş, beynəlxalq hüquqa tüpürmüş Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurası katibi heç bir halda Azərbaycan haqda bu cür ifadəni dilinə gətirməməli idi: çünki Azərbaycan Rusiya ilə müttəfiq münasibətlərinə baxmayaraq, Krımın ilhaqını tanımır və kiçik dövlət olmasına rəğmən, Ukraynanın ərazi bütövlüyünü tam-tamına müdafiə edir. Halbuki Ermənistan Krımın ilhaqına və Donbasdakı “respublikalara” daha fərqli yanaşır və Ukraynanın ərazi bütövlüyünə hörmət etmir. Üstəlik, Rusiyaya bu müharibədə əlindən gələn dəstəyi də göstərir.
Ukrayna vətəndaşı olan azərbaycanlılar bu ölkənin bütövlüyü üçün vuruşur və şəhid olur, Azərbaycan Kiyevə dəfələrlə humanitar yardım göstərib, azərbaycanlılar bir neçə dəfə Ukrayna üçün humanitar və dəstək aksiyaları keçirib… Bunları Ermənistan etməyib. Ancaq Danilov bunların heç birini və beynəlxalq hüququ görməzdən gələrək, Azərbaycan haqqında haqdan-hüquqdan kənar ifadə işlətməyi özünə sığışdırır.
Hələ onu demirik ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkədir!
Əlbəttə, bir Danilov və yaxud keçmiş nazir Avakovla Ukrayna dövlətinin mahiyyəti və siyasəti haqda qiymətləndirmə aparmaq istəməzdik – baxmayaraq ki, bu ölkənin azadlığı üçün canlarını verən azərbaycanlıların “yanında” Azərbaycan qazisi ədalətsizcəsinə türməyə atılıb; bu ölkədə çoxluq Azərbaycanın haqq davasında beynəlxalq hüququn və ədalətin yanında olub, ciddi ictimai-siyasi simaları da İlham Əliyevin böyük dövlət xadimi kimi ölkəni milli hədəflərinə çatdırdığını və ərazisini işğaldan azad etdiyini açıq mətnlə bildiriblər.
Ancaq hər bir halda danilovları da unutmamalıyıq: Ukrayna adı gələndə özünə əl qatan, Azərbaycanın milli maraqlarını unudanlar bu faktdan nəticə çıxarmalıdırlar. Azərbaycanın öz milli maraqları var, başqaları üçün “xarakiri” edənlər ilk növbədə bunu unutmamalıdırlar.
Haqq da, ədalət də Ukraynanın tərəfindədir, işğala məruz qalan Ukraynadır; Ukraynanın dirənişi Rusiyanın aqressorluğu qarşısında ciddi maneədir. Beynəlxalq hüquq da, bütün dünya da Ukraynanın yanındadır. Ancaq Ukraynanın yanında olan ABŞ-ın və AB-nin “siyasi babası” Fransanın səfirləri Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alaraq, Şuşaya səfərdən imtina edirlər.
Azərbaycan haqq savaşına qalxıb, məhz Rusiyanın vaxtilə göstərdiyi birbaşa hərbi yardımla işğal etdiyi və birbaşa dəstəyilə 30 il işğalda saxladığı torpaqlarını azad etməyə başlayanda da indi Ukraynanın yanında olan ABŞ, Fransa, Almaniya…nın hansı mövqe tutduğu hər birimizin yadındadır; Rusiyanı Krımı ilhaq etməkdə suçlayan ABŞ Xankəndinin rus sülhməramlıların nəzarətində qalmasından qəti narahat deyil, Laçın dəhlizi bağlanan kimi isə İrəvandakı səfrliyinin məsulları hərbi attaşe ilə birgə Ermənistan Baş Qərargahına yüyürür…
Türkiyə olmasa, Azərbaycanı ərazi bütövlüyünü bərpa etməyə imkan verərdilərmi? Elə indi də münaqişə arxada qalsa da, Minsk Qrupuna “həmsədr” “təyin edən” ABŞ deyilmi?..
Daha ağıllı olmaq zamanıdır!