Daha iki güləşçimiz dünya çempionatının finalında

Daha iki güləşçimiz dünya çempionatının finalında

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

AzerTimes xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə son 5 çəkidə finalçılar müəyyənləşib.

Turan Daşdəmirov (45 kq) yaponiyalı Kaysey Yamamoto (10:0) və qırğızıstanlı Kadirbek Almanbetova (9:1) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Turan final yolunda iranlı Əhməd Əmiriqasroddaştidən güclü olub – 5:1. Daşdəmirov həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevlə qarşılaşacaq.

Əli Seyidəlili (51 kq) 1/8 finalda rusiyalı İliya Kandalinə 3:8 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Əli təsəlliverici görüşdə gürcüstanlı Koba Karumidzeylə güləşəcək.

Cavad Məmmədov (71 kq) təsnifat mərhələsində finlandiyalı Severi Maenpaepaeyə uduzub – 7:10.

Roman Kərimov (60 kq) hindistanlı Varun Varun (5:2) və ekvadorlu Adrian Velizi (8:1) üstələyərək yarımfinala yüksəlib. Roman finalın bir addımlığında rusiyalı Mingiyan Qoryayevi 9:5 hesabı ilə məyus edib. Kərimov həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeylə üz-üzə gələcək.

Mikayıl İsmayılov (92 kq) türkiyəli Alixan Bərəkətə 5:1 hesabı ilə qalib gəldikdən sonra 1/4 finalda qırğızıstanlı Nurbolat Sirqabayulunu sonuncu xal prinsipinə əsasən (1:1) yolundan kənarlaşdırıb. Mikayıl yarımfinalda gürcüstanlı Saba Purtseladzeyə 1:3 hesabı ilə məğlub olub. İsmayılov sabah bürünc medal görüşünə çıxacaq. Rəqib Sərdarbek Rüstəmov (Özbəkistan) – Əliəkbər Aşgarivaladi (İran) qarşılaşmasında qalib gələn güləşçi olacaq.

Teqlər: