Rusiya tərəfindən atıldığı deyilən raketlərin Polşaya düşməsi səbəbi nə olursa-olsun, çox təhlükəli hadisədir. Hər şeydən əvvəl hadisənin bütün təfərrüatı ilə araşdırılması lazımdır.
Bu sözləri AzerTimes-a Polşanın ərazisinə raketlər düşməsi və iki nəfərin həlak olmasını şərh edən Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.
Professor sülhün əldə olunmayacağı təqdirdə bəşəriyyətin fəlakətə sürüklənə biləcəyini vurğulayıb:
“Çünki Polşa həm AB-nin, həm də NATO-nun üzvüdür. Polşa da raketlərin düşməsini və vətəndaşlarının ölməsini müharibə səbəbi kimi göstərərək kollektiv müdafiə üçün NATO-ya müraciət edə bilər. Əlbəttə ki, baş verən hadisə digər müttəfiq ölkələri, xüsusilə Baltikyanı ölkələri narahat edir. Belə həmlələr və ya hadisələr nəticəsində Ukrayna müharibəsi hazırki sərhədlərindən çıxa və NATO-nun, yaxud dünyanın digər bütün ölkələrinin Rusiya ilə müharibəsinə gətirib çıxara bilər. Ona görə Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik, eyni zamanda sülhün əldə olunması üçün tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması təklifi olduqca vacibdir. Dünya Zaporojye AES ətrafında baş verən hadisələr zamanı ciddi təhlükə ilə üzləşdi, indi isə daha böyük təhlükə ilə qarşı-qarşıya ola bilərik. Sülh üçün danışıqlar dərhal başlamalıdır. Çünki daha böyük və qlobal faciəyə səbəb olacaq müharibənin addım səsləri artıq daha yaxından eşidilməyə başlayıb”.