Xəbər - Humay Ağacanova -Trend:
Bakı Dövlət Universitetində (BDU) təhsilalanlar arasında hər qrupda bir nəfərdə COVID-19 virusu aşkarlandığı üçün 7 müxtəlif qrupun bütün dərsləri 14 gün müddətinə onlayn formaya keçirilib.
Bu barədə Trend-ə BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat verib.
O bildirib ki, 2021/2022-ci tədris ilinin payız semestrində Bakı Dövlət Universitetinin (BDU) bütün fakültələrində tədris növbəli şəkildə hibrid formada – mühazirələr həftədə iki gün olmaqla “BLACKBOARD” elektron təhsil sistemi üzərindən onlayn, məşğələ və laboratoriya dərsləri isə həftədə üç gün olmaqla əyani (ənənəvi) şəkildə təşkil olunur:
“Ənənəvi şəkildə tədris “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə ciddi riayət olunmaqla həyata keçirilir. BDU-nun ərazisində fəaliyyət göstərən poliklinikanın həkimləri ənənəvi tədris prosesinə cəlb olunmuş müəllim və tələbələrinin sağlamlığına müntəzəm olaraq nəzarət edirlər”
Qeyd edək ki, sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Qaydalara uyğun olaraq, 18 yaşı tamam olan tələbələrdən və əməkdaşlardan vaksin pasportu, immunitet pasportu və ya əks göstəriş sənədi tələb edilir. Auditoriyaların tutumundan asılı olaraq isə dərslər növbəli təşkil olunur.