Daha bir sərhəd toqquşması: BMT niyə müzakirə etmir?

Daha bir sərhəd toqquşması: BMT niyə müzakirə etmir?

Qırğızıstan-Tacikistan sərhəd məsələsi uzun illərdir mövcuddur və müəyyən fasilələrlə sərhəddə insidentlər yaşanır. Baxmayaraq ki, hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, yenə də təşkilat çərçivəsində bu problemi həll etmək mümkün olmayıb.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Qırğızıstanla Tacikistan arasında bir müddət əvvəl də belə bir insident yaşanıb:

“Bu hadisə bir daha onu göstərir ki, KTMT bu cür problemlərin qarşısında acizdir. NATO ölkələri arasında oxşar hadisənin baş verməsini təsəvür etmək olmur. Məsələn, Türkiyə və Yunanıstan NATO üzvüdür və münasibətləri gərgindir. Lakin orada toqquşma ehtimalı artan zaman NATO və Amerika dərhal bunun qarşısını almağa çalışır.

Qırğızıstan-Tacikistan sərhədində isə toqquşmalar hələ də davam edir, hər iki tərəfin itkilər verməsinə baxmayaraq, Rusiya bu prosesə müdaxilə etmir. Çünki Rusiya düşünür ki, müdaxilə etsə belə, məsələni həll edə bilməyəcək. Rusiyanın hər iki ölkə ilə sıx əlaqələri olduğu üçün tərəf tuta bilmir.

Gedişat onu göstərir ki, burada Rusiya da, KTMT də acizdir. ABŞ üçün isə bu, yad bir məsələdir. Amerikanın bu regiondakı problemin həllinə təsir edəcək imkanları da böyük deyil.

BMT-nin də bu məsələ ilə bağlı toplanması üçün gərək müraciət olunsun və ya hansısa dövlət BMT-də bu məsələni qaldırsın. Azərbaycan- Ermənistan arasında baş verən hadisəni Fransa qaldırmışdı. Müzakirə olunmasına baxmayaraq, heç bir sənəd qəbul olunmadı. Çünki onlar da yaxşı bilirlər ki, biz ermənilərin təxribatına cavab vermişik.

Tacikistan-Qırğızıstan məsələsi ilə bağlı da müraciət edilməsə, BMT-də müzakirə edilən deyil”.

Teqlər: