Aprelin 2-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul əməkdaşları şəhidin ailə üzvləri ilə birlikdə Salahov Elvin Sabir oğlunun məzarını ziyarət ediblər.
İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidin xatirəsi sonsuz ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Bu gün ölkəmizdə şəhidlərimizə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Onların adı, xatirələri əbədiləşdirilir. Şəhid ailələrinə dövlətimizin dəstəyi və yardımı getdikcə daha da artır. Bütün bu işlər, daim genişlənən sosial müdafiə proqramları ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısının təzahürüdür. Bu gün biz əminliklə deyə bilərik ki, şəhid ailələri dövlətimizin qayğısını hər an öz üzərlərində hiss edirlər. Şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli Qəhrəmanların, müharibə əlillərinin və veteranlarının sosial təminatının yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu, həmişə belə olacaqdır”.
Tədbir zamanı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən danışmışdır. Ölkə başçısı cənab İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıldığını vurğulayan RİH başçısı bu siyasətin davamlı xarakter daşıdığını qeyd etmişdir.
RİH başçıları Vuqar Zeynalov və Elşad Həsənov şəhidin məzarının ətrafında aparılan abadlıq işləri ilə tanış olmuşlar. Qeyd olunmuşdur ki, şəhidin xatirəsini əbədiləşdirən məzarüstü abidələri inşa olunmuş, xiyabanın ərazisində olan çatışmazlıqlar aradan qaldırılmış, məzarın ətrafında abadlıq işləri görülmüş, eyni zamanda qəbirstanlığa gedən yola yeni asfalt örtüyü salınmışdır.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.