Xəbər - Çingiz Səfərli – Trend:
Gəncə şəhəri, Atabəylər küçəsi 181 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mirzəyev Vidadi Siliddin oğluna məxsus “Şahzadə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Yoxlama zamanı müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumat verilib.
Twitter: @cingizsafarli