Daha bir polis qətlə yetirildi – Deputatdan sərt reaksiya

Daha bir polis qətlə yetirildi – Deputatdan sərt reaksiya

Son vaxtlar siyasi məqsədlərlə polisin gözdən salınması, ictimaiyyət arasında ona qarşı nifrət aşılanması, polisə müqavimət göstərilməsi istiqamətində xaricdən aparılan sistemli iş daha da gücləndirilib. Bu vəziyyət cinayətkarların polisə müqavimət göstrəməsi hallarının artmasına təsir edir.

AzerTimes xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gecəyarısı daha bir polisin cinayətkar tərəfindən qətlə yetirilməsi ilə bağlı qeyd edib.

O bildirib ki, siyasi partiyalar, media, qeyri-hökumət təşkilatları polisə ciddi ictimai dəstək verməlidirlər:

“Düşünürəm, polis əməkdaşları da öz fəaliyyətlərində bunu nəzərə almalıdırlar. Hava isti olsa da, onlar qoruyucu gödəkçələr geyinməli, üzərlərində silah, radioəlaqə, qandal olmalı, tək gəzməməli, kömək gələnə qədər silahlı olan və müqavimət göstərə biləcək şəxsi həbs etməyə cəhd etməməlidirlər. İnsan həyatı hər şeydən dəyərlidir. Vətəndaşlarımız da zəruri müdafiə halları istisna olmaqla, cinayət törətmiş silahlı şəxsləri saxlamağa, zərəsizləşdirməyə səy göstərməməli, polis çağırmalıdırlar. Hesab edirəm, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməli, polisə silahlı müqavimət göstərməyə görə cəza sərtləşdirilməlidir”.

Qeyd edək ki, ötən gün gecəyarısı paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum edilmiş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Səlahəddin oğlu Məmmədov polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib. Nəticədə polis kapitanı Fəxrəddin Nəsirov cinayətkarı yaxalasa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

24 iyunda isə dələduzluqla axtarışda olan Rövşən Allahverdiyev 3 polis əməkdaşını qətlə yetirmişdi.

Teqlər: