Yunanıstan Fransa və Hindistandan fərqli olaraq, Ermənistana hələ ki, hərbi texnika göndərməyib.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Afinanın İrəvana silah satmamasının sadə səbəbi Azərbaycandan qaz almasıdır:
“Yunanıstan Azərbaycanla bu sahədəki əməkdaşlığı riskə atmaq istəmir. Buna baxmayaraq, Yunanıstan Kipr Yunan Respublikası ilə birgə Ermənistanla üçlü formatda dialoqunu gücləndirib. Bu dialoq Azərbaycan-Türkiyə ittifaqına qarşıdır. Yunanıstanın hərbi sənayesi Fransa və Hindistandakı qədər inkişaf etməsə də, bu ölkənin silah istehsal edən yüzlərlə müəssisəsi var. İrəvanın Fransa və Hindistanla yanaşı Yunanıstandan da hərbi texnika almaq istəyini istisna etmək olmaz. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyində Yunanıstan və Kip nümayəndələri arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb. 3 ölkə arasında müdafiə sahəsində məsləhətləşmələr keçirilib, birgə əməkdaşlıq sahəsində proqramlara imza atılıb. Proqrama müvafiq olaraq tərəflər müdafiə sahəsində onlarla tədbir keçirəcək. Rəsmi Bakı indidən Yunanıstanın Fransa və Hindistanın səhvini təkrarlamamasıyla bağlı diplomatik kanallarla Afinaya çağırış etməlidir”.