Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb (FOTO)

2021-ci ildən etibarən “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu
birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman
oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir
sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə
başlayıb. Hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan
igidlərin sayına uyğun ağac əkilir. Layihə həmçinin Azərbaycanın
ekoloji mühitinə töhfə vermək məqsədini də daşıyır.

Bu dəfə ağacəkmə layihəsi PMD-nin dəstəyi ilə Sabirabad və
Gəncədə, PAŞA Holdinq-in dəstəyi ilə isə Göygöl və Şəmkirdə həyata
keçirildi. Sabirabadda 269, Gəncədə 598, Göygöldə 175, Şəmkirdə 312
ədəd olmaqla ümumilikdə 1354 ədəd sərv və tuya ağacı əkilib.
Ağacəkmə aksiyasında şəhid ailələri, rayon və şəhər ictimaiyyətinin
nümayəndələri, qazilər, PMD-nin, Kapital Bank-ın və “Qırmızı
Ürəklər” Fondunun əməkdaşları iştirak etdi. Aksiya Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra
Hakimiyyəti orqanının dəstəyi ilə keçirilib.

“Vətən Bağı” əsasən insanların sıx olduğu yerlərdə, parklarda və
şəhərin mərkəzlərində təşkil olunur. Bununla da ölkə ərazisində
“Vətən Bağ”larının sayı 17-yə çatıb və ağacəkmə mövsümü zamanı
davam etdiriləcək. Əkilən ağaclara qulluq olunması, suvarlanması və
digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və “Qırmızı
Ürəklər” Fondu tərəfindən həyata keçirilir.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın
könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi
fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə,
sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. Ətraflı
məlumat üçün – www.redhearts.az.

Teqlər: