Gimnastika sahəsində artıq müəyyən nailiyyətlər əldə etmiş gimnastlarımız Gənclər və İdman Nazirliyi tərəfindən “İdman ustası” adına layiq görülüblər.
Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, belə ki, 2020-ci ildə Kiyev şəhərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında gümüş və bürünc medal qazanmış qrup hərəkətləri komandamızın üzvləri – Məryəm Səfərova, Darya Sorokina, Yelizaveta Luzan, gənclər arasında ilk Dünya Çempionatının (2019-ci il) gümüş və bürünc medalçısı – Arzu Cəlilova, həm Avropa, həm də Dünya Çempionatının finalçısı Nərminə Səmədova bu ada sahibləndilər.
Təltif olunanların arasında daha 2 gimnastika növünün təmsilçiləri var. Kişi idman gimnastikası üzrə yığma komandanın üzvü, Tokio 2020 Olimpiya Oyunlarına lisenziya qazanmış (Dünya Çempionatı / Ştutqart / 2019) İvan Tixonov və Bakıda keçirilmiş aerobika gimnastikası üzrə Avropa Çempionatının (2018) qalibləri, aerodans komandasının üzvləri – Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva, Akif Kərimli, Ayxan Əhmədli, Nigar İbrahimbəyliyə “İdman ustası” kitabçası təqdim olunub.
Gimnastlarımızı bu ada layiq görülmələri münasibəti ilə təbrik edir, onlara yeni-yeni uğurlararzulayırıq!