Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş daha 21 şəxsin komissiya tərəfindən əyani müayinəsi aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, müayinələr zamanı 9 nəfərin diaqnoz və sağlamlıq durumunun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.
Əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Bu dəfəki müayinədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni və “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli iştirak ediblər.
Əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi və saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.