Xəbər - Samir Əli – Trend:
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəlcə paytaxt sakini Asif Niyazov saxlanılıb. Onun üzərindən, eləcə də evindən ümumilikdə 10 kiloqram 200 qram heroin və marixuana aşkar olunub. Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ruslan Aslanov, Rəşad Hüseynov, Rəşad Pənahov və əvvəllər məhkum olunmuş Məhəmməd Nəcəfov tutulublar.
Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.