Azərbaycanda daha üç universitet akkreditasiyadan keçib.
Bu barədə AzerTimes-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, bu gün Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda agentliyin “2023-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq, 3 ali təhsil müəssisəsində (ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib.
Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, ADA Universitetinin institusional akkreditasiya nəticəsi “uyğundur”, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universitetinin institusional akkreditasiya nəticələri isə “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Yekunlaşmış akkreditasiya prosesinin davamı olaraq adları çəkilən ali təhsil müəssisələrinin növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və agentliyə təqdim etməsi nəzərdə tutulur. Beləliklə, 2023-cü ildə ümumilikdə 13 ali təhsil müəssisəsində institusional akkreditasiya prosesi yekunlaşaraq müvafiq qərar qəbul edilib.
İclasda institusional akkreditasiya ilə yanaşı, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən ikili diplom proqramlarının akkreditasiyası barədə də məlumat verilib. Sözügedən ikili diplom proqramları ilə bağlı akkreditasiya ADA Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Bakı Mühəndislik Universitetində keçirilib və hazırda qiymətləndirmə mərhələsindədir.
Qeyd edək ki, 2024-cü ildə 14 ali təhsil müəssisəsində “İbtidai sinif müəllimliyi” proqramı üzrə akkreditasiya prosesinin həyata keçirilməsi nəzərdə tutulub.
Bundan başqa, Azərbaycan Tibb Universiteti və Azərbaycan Universitetinin beynəlxalq proqram akkreditasiyası qiymətləndirilməsindən keçmiş ixtisasları üzrə nəticələrinin Akkreditasiya Şurası tərəfindən tanınmasına dair müraciətlərinə baxılıb. Azərbaycan Tibb Universitetinin əczaçılıq, stomatologiya, müalicə işi və Azərbaycan Universitetinin sosial iş ixtisaslarının tanınması qərarı qəbul edilib.
Məlumat üçün bildirək ki, Akkreditasiya Şurasına elm və təhsil naziri Emin Əmrullayev sədrlik edir. Şuranın iclasları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq təşkil olunur. İclaslarda təhsil və müvafiq elmi-tədqiqat sahələrinin mütəxəssisləri, işəgötürənlər, təhsilalanlar, eləcə də tabeliyində təhsil müəssisəsi olan nazirlik, təşkilat və idarələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.