İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 207 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Bu barədə AzerTimes-a fonddan bildirilib.
Məlumata görə, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 11 sentyabr 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Yutub kanalı, həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5300-dən çox vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.