Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması tarixi missiyasını uğurla başa vurdu – İndi isə “Qarabağa dönüş” vaxtıdır!

Xəbər - Alpər Ziya – Trend:

Ötən il sentyabrın 27-də Azərbaycan Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən çətin və şərəfli müharibə nəticəsində 30 ilə yaxın idi işğalda olan torpaqlarımız azad edildi, 10 noyabr 2020-ci ildə Ermənistan təslim aktına imza atdı. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sona çatdı. Belə olduğu təqdirdə, artıq Dağlıq Qarabağ kimi ayrıca bir ərazi vahidi də qalmadı. Artıq bütöv bir Azərbaycan var və Azərbaycanın işğaldan azad olunan əraziləri var.

Məhz buna görə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bu gün ictimaiyyətə müraciət edərək təşkilatın buraxıldığını elan etdi. Bilirsiniz ki, ictimai birlik 2006-cı ildə qeydiyyata alınmışdı. İcma bu 15 il ərzində – öz fəaliyyəti dövründə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, 1 milyondan artıq azərbaycanlının öz ata-baba yurdlarından qovularaq etnik təmizləməyə, soyqırımına məruz qalması, mədəni və dini irsimizin sistematik şəkildə dağıdılmasının işıqlandırılmasında, Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət aparıb. Bu illər ərzində icma üzvləri ölkə daxilində və kənarda keçirilən çoxsaylı görüşlərdə, səfərlərdə, təşkil olunan konfranslarda həmişə Ermənistanın işğalı nəticəsində azərbaycanlı məcburi köçkünlərin pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasına diqqət çəkib. Eləcə də icma nümayəndələri beynəlxalq təşkilatlarda daim Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ən nəhayət, sözügedən icma hər zaman Ermənistanı sülhə, birgəyaşayışa səsləyib, lakin qarşı tərəfdən buna adekvat addım atılmayıb.

Elə təşkilatın bugünkü müraciətində də bu məsələyə xüsusi toxunulub. İcmanın müraciətində deyilir: “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz heç vaxt öz dədə-baba torpaqlarımıza qayıdacağımıza olan inamımızı itirməmişdik. Biz mütəmadi olaraq sülh şəraitində birgəyaşayış çağırışları etsək də, təəssüf ki, bu çağırışlara Ermənistan və Qarabağın erməni icması tərəfindən müsbət cavab verilməmişdir.

Nəhayət, ötən il 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağımız işğaldan azad edildi, milyonlarla insanın 30 illik vətən həsrətinə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. İşğalçı Ermənistan ordusu darmadığın edilərək torpaqlarımızdan çıxarıldı və bu zəfər xalqımızın tarixinə qızıl hərflərlə həkk edildi. Cənab Prezident həm döyüş meydanında, həm diplomatiyada, həm də informasiya müharibəsində ölkəmizin qalibiyyətini təmin etdi. Uzun illərdir gözlədiyimiz xəyallarımız gerçəkləşdi və Azərbaycan öz əzəli və tarixi hissəsi olan Qarabağa qovuşdu.

Biz əminik ki, qısa zamanda Qarabağ ölkəmizin ən inkişaf etmiş yerlərindən birinə çevriləcək. Ermənistanın işğalı dövründə dağıdılmış bütün şəhər və kəndlərimiz, mədəni və tarixi abidələrimiz, məscidlərimiz bərpa olunacaq. Xalqımız üçün xüsusilə əziz olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri müzəffər Ali Baş Komandanımızın da dediyi kimi nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizin iqtisadi, sosial və humanitar həyatına reinteqrasiyasının və Azərbaycan Respublikasının qanunları çərçivəsində yaşayışının təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçiriləcək”.
Beləliklə, bundan sonra həm Azərbaycan, həm də onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələyə qədəm qoyub. Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışı yoxdur. Çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar.
Odur ki, Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları da öz aktuallığını və ictimai əhəmiyyətlərini itirmiş sayılır. Məhz buna görə, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 30 aprel 2021 ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar verdi.

Təşkilatın bundan sonrakı fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldiləcək. Elə bu səbəbdən də bu müqəddəs missiyanı dəstəkləmək üçün icmanın nəzdində “Qarabağa dönüş” adlı ictimai birlik yaradıldı.

Sözügedən müraciətdən sonra Milli Məclisin deputatı, keçmiş “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişində qonaq olarkən qeyd etdi ki, icma uzun illər ərzində üzərinə düşən tarixi missiyanı həyata keçirdi: “Ermənistanın təcavüzkarlıqlarının ifşa edilməsi, ölkə daxilində və ölkə xaricində bunun dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyət apardıq. Bu fəaliyyətimiz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində zəfərlə yekunlaşdı, Ermənistan ordusu darmadağın edildi, yeni reallıqlar yarandı. Artıq Dağlıq Qarabağ adlı ayrıca inzibati ərazi vahidi mövcud deyil. Azərbaycanlı və erməni icmaları öz aktuallığını itirmişdir. İcma üzvləri olaraq da biz bu qərara gəldik ki, təşkilatın ictimai əhəmiyyəti bitmişdir, Azərbaycanlı və erməni icmalarının hansısa əhəmiyyəti yoxdur. Beləliklə də təşkilatın buraxılması haqqında qərar verdik. Bundan sonra əsas diqqətimizi Qarabağa qayıdış məsələlərinə yönəldəcəyik”.

T.Gəncəliyev əlavə etdi ki, “Qarabağa dönüş” adlı ictimai birliyinin fəaliyyəti Qarabağındakı quruculuq işlərinə, insanlarımızın ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasına dəstək vermək olacaq.

Beləliklə, bu gün bütün Azərbaycanı və azərbaycanlıları düşündürən ən əsas məsələ işğaldan azad edilən ərazilərin tezliklə bərpa edilməsi və vaxtilə qaçqın, məcburi köçkün düşmüş sakinləri öz yurd-yuvalarına qaytarmaqdır. Sevindirici haldır ki, “Böyük Qayıdış” sözləri ilə ifadə olunan bu müqəddəs missiyaya artıq start verilib.

Teqlər: