Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıb.
Bu barədə AzerTimes-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
“İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 7 – 8-ə işləmiş radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, – o qeyd edib.
F.Əliyevin sözlərinə görə, həmin şəxslər bu bölgəyə Quba ərazisindən daxil olublar.
Eyni zamanda, itkin düşənlərdən biri – Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Şahdağ” Milli Parkının əməkdaşlarına təşəkkürünü bildirib.
Xatırladaq ki, ötən gün İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat yayılmışdı.