DAAD Regional direktoru BANM-də (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Alman
Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin
rəhbəri Gebhard Reul və ofisin Azərbaycan üzrə təhsil və təqaüd
proqramları koordinatoru Sevər Qarayeva ilə görüşüb.

Qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnun olduğunu
bildirən rektor Ali Məktəb haqqında ətraflı məlumat verib. Bildirib
ki, ötən il yüksək rəqabət mühiti olan DAAD təqaüd proqramına
500-dən çox azərbaycanlı müraciət edib. Onların arasından təqaüdə
layiq görülmüş 19 nəfərdən 6-sı məhz BANM məzunudur.

Elmar Qasımov “Yaşıl enerji“ istiqamətində Almaniya
universitetləri ilə əməkdaşlığı da təklif edib. Gebhard Reul isə öz
növbəsində DAAD-nin Bakı Məlumat Ofisinin regional mərkəzə
birləşdirildiyini və belə regional mərkəzlərin digər ölkələrdə də
fəaliyyətə başladığını söyləyib. O, Almaniya və Azərbaycan arasında
təhsil əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını deyib.
Görüşdə BANM ilə DAAD arasında əlaqələrin mövcud vəziyyəti və
gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Yeri gəlmişkən DAAD bir sıra istiqamətlərlə yanaşı gənclərə
Almaniya daxili və xaricində beynəlxalq təhsil və tədqiqat
təcrübəsini toplamaq imkanı yaradan Akademik Mübadilə
Xidmətidir.

Teqlər: