ÇXR-nin yaradılmasının 74 illiyi ilə bağlı qəbul təşkil edildi

ÇXR-nin yaradılmasının 74 illiyi ilə bağlı qəbul təşkil edildi

Sentyabrın 28-də Gülüstan sarayında Çinin Azərbaycandakı səfirliyi milli bayram – Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü münasibətilə qəbul təşkil edib.

AzerTimes xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Çinin Azərbaycandakı səfiri xanım Quo Min çıxış edərək Çinin son 74 ildə əldə etdiyi böyük nailiyyətlərdən danışıb. O vurğulayıb ki, bu illər ərzində Çin xalqı iqtisadi tərəqqi istiqamətində böyük sıçrayışa nail olub, ölkənin tərəqqisi dönməz tarixi prosesə çevrilib. Keçən ilin oktyabrında Çin Kommunist Partiyasının uğurla keçirilən XX Milli Konqresində müasir və qüdrətli sosialist dövlətinin hərtərəfli inkişafı, bu istiqamətdə əsas məqsədlərin həyata keçirilməsi vəzifələri müəyyən edilib. Çinin xüsusiyyətlərinə uyğun modernləşmə və ölkənin gələcək inkişafı üçün böyük bir plan hazırlanıb.

Səfir Quo Min qeyd edib ki, 31 il bundan əvvəl əsası qoyulan Çin-Azərbaycan diplomatik münasibətləri beynəlxalq vəziyyətin dəyişməsi fonunda zamanın sınağından çıxıb. Ölkələrimiz yorulmadan siyasi etimadı və strateji koordinasiyanı gücləndirir, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, ənənəvi dostluğu möhkəmləndirir. İki ölkəni möhkəm dostluq, tərəfdaşlıq və ortaq tale birləşdirir. Ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti zamanı Çin Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında uğurlu görüş keçirilib və ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. Bu ilin əvvəlindən etibarən yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edir. “Bir kəmər, bir yol” təşəbbüsü üzərində birgə fəaliyyət durmadan irəliləyir, bir çox yerli vilayət və şəhərlər qardaş şəhər əlaqələri qurublar. Bununla yanaşı, humanitar və mədəni sahələrdə əməkdaşlıq inkişaf edir.

İkitərəfli ticarət və investisiya üzrə əməkdaşlıq da genişlənməkdə davam edir. Çin tərəfi Azərbaycanla əlaqələrinin daha da inkişafına kömək etmək və yeni dövrdə ortaq taleyi olan Çin-Azərbaycan icmasının birgə qurulması üçün Azərbaycan Hökumətinin və cəmiyyətin bütün təbəqələrinin dost nümayəndələri ilə işləməyə davam etməyə hazırdır.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev çıxışında dost Çin xalqını milli bayram münasibətilə səmimi qəlbdən təbrik edib və iki ölkə arasında dostluğun qədim tarixə malik olduğunu və Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu qeyd edib. O bildirib ki, dövlət başçılarının şəxsi təşəbbüsü və dəstəyi sayəsində Azərbaycan ilə Çin arasında siyasi qarşılıqlı etimad daim dərinləşir, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli nəticələri əldə edilir, beynəlxalq əməkdaşlıq inkişaf edir. Hazırda Azərbaycan-Çin münasibətləri sürətli və hərtərəfli inkişaf dövrünü yaşayır. Azərbaycan ikitərəfli münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq üçün Çin ilə birgə fəaliyyəti davam etdirməyə hazırdır.

Tədbirdə “Təxəyyülünüzdən kənar Çin”, “Siçuan – Çinin yarısı bir göz qırpımında”, “Gözəl Çin” və s. mədəni videoçarxlar nümayiş etdirilib. Bu videolar nəinki möhtəşəm mənzərəni hərtərəfli açıb göstərib, həm də 74 il əvvəl yeni Çinin qurulmasından bu yana ölkənin görkəmli nailiyyətlərini əks etdirib.

Azərbaycanın “Odlar Yurdu” xalq rəqs ansamblı və “Vinq Çun” Assosiasiyası Çin və Azərbaycanın ənənəvi rəqslərini, eləcə də Çin döyüş sənətlərini nümayiş etdirib.

Teqlər: