Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirinin finalına yüksəlib.
Trend xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ilk qarşılaşmada İsrail cüdoçusu Yehonatan Elbazı, daha sonra moldovalı Petru Pelivanı məğlub edərək dörddəbir finala çıxıb. Bu mərhələdə rumıniyalı Aleksandru Raykuna qalib gələn H.Heydərov yarımfinalda rusiyalı Maxmadbek Maxmadbekovu məğlubiyyətə uğradaraq adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə moldovalı Viktor Sterpu ilə qarşılaşacaq.
Turnirdəki digər təmsilçimiz Məmmədəli Mehdiyev (90 kq) mübarizəyə sentyabrın 26-da qoşulacaq. Onun ilk görüşdə rəqibi Sebastian Oldak (Polşa) – Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.
Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayır.