Türkiyənin tanınmış din xadimlərindən olan və qardaş ölkənin dini ictimaiyyəti arasında daha çox “Cübbəli Əhməd Xoca” kimi tanınan Əhməd Mahmud Ünlü Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinə basqını qınayıb.
AzerTimes xəbər verir ki, Cübbəli Əhməd Hoca “Mehdinin xidmətçiləri” adlı radikal, dini-ekstremist qruplaşmanın üzvlərini dinsiz adlandırıb.
İlahiyyatçı bu barədə özünün rəsmi Tvitter səhifəsində yazıb:
“Bunlar özlərini nə qədər dindar olaraq tanıtsalar da, dinsizdirlər və şərəfsizdirlər. Duamız və dəstəyimizlə hər zaman Azərbaycan dövlətinin və onun qiymətli xalqının yanındayıq”.
O, “Mehdinin xidmətçiləri”inin Azərbaycan dövlətinə qarşı törətdiyi əməlləri hansı şəraitdə eşitdiyini də vurğulayıb:
“Mübariz bəydən aldığım xəbərə görə, Azərbaycanın Londondakı səfirliyinə bir hücum təşkil edilib və Azərbaycan Bayrağı endirilib. Bunu şiddətlə qınayırıq. Din adına bu cür addımların atılması qəbuledilməzdir”.
Qeyd edək ki, avqustun 4-də “Mehdinin xidmətçiləri” təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər. Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.