Cozef Baydenin Azərbaycan Prezidentinə təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür – ŞƏRH

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden
Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə
təbrik məktubu göndərib.

Bununla bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Elşən Musayev bildirib ki, ABŞ Prezidenti Co Baydenin möhtərəm
Prezidentimiz İlham Əliyevə göndərdiyi təbrik məktubu ölkəmizə və
dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür və eyni zamanda,
Azərbaycanın bölgədəki nüfuzunun göstəricisidir.

“Ümumiyyətlə, Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra hər zaman uğurlu siyasəti, inkişafı və gücü ilə
özünə hörmət qazanıb. 44 günlük Vətən müharibəsindən sonra isə
həmin hörmət birə-beş artıb. Çünki artıq Azərbaycan hərb
müstəvisində də qalib ölkədir. Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz uzun illər əsarətdə,
işğal altında qalan torpaqlarımızı geri qaytardı və Azərbaycan
bütöv oldu. Bu prosesdən sonra təbii ki, regionda ölkəmizin
mövqeləri daha da güclənib və Azərbaycan lider ölkə kimi nəzərləri
öz üzərinə cəlb edib.

Bir daha deyirəm, Müstəqillik Günü ərəfəsində ABŞ kimi mötəbər
və fövqəldövlətin başçısından təbrik məktubu almaq həqiqətən də
Azərbaycandakı inkişafa, möhtərəm Prezidentimiz İlham Əliyevin
uğurlu və məqsədyönlü siyasətinə verilən qiymətdir. Hər kəs
Azərbaycanın gücünü və qüdrətini qəbul edir, hər kəs bu gücə və
qüdrətə hörmətlə yanaşır, hər kəs doğma Azərbaycanımızı və
rəhbərimizi dünya dövlətlərinin liderləri sırasında görür. Bu da
olduqca sevindirici və qürurverici bir haldır”, – deyə deputat
bildirib.

Deputat Ceyhun Məmmədov da AzerTimes-a deyib ki, ABŞ prezidentinin
cənab İlham Əliyevə məktubu xüsusi önəm daşıyır.

“Bu, onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri inkişaf edir.
Bu baxımdan, burada münasibətlərin 30 illik qurulduğu, artıq 30
illiyinin tamam olduğu vurğulanır. Digər bir mühüm məqam isə
Azərbaycanın beynəlxalq təhlükəsizlikdə rolu ilə bağlı məsələnin
məktubda öz əksini tapmasıdır.

Hesab edirəm ki, növbəti əhəmiyyətli məsələ isə Qərb
Azərbaycanın Ukraynaya dəstəyini, humanitar yardımını yüksək
qiymətləndirir və bu, ABŞ tərəfindən də çox böyük diqqətlə
qarşılanır. Çünki Azərbaycan bu günə kimi Ukraynaya böyük yardım
edən azsaylı region ölkələrindən biridir.

Digər bir mühüm məsələ isə burada ABŞ-ın Ermənistanla münaqişə
prosesinə, əvvəlki münaqişəyə, bunun tənzimlənməsinə, inkişafına öz
mövqeyini və fikrini bildirməsidir. Hesab edirəm ki, bu bəyənat, bu
məktub gələcək əlaqələrin inkişafına, daha da möhkəmlənməsinə ciddi
töhfə verəcək.

Azərbaycan öz növbəsində hər zaman ABŞ-la münasibətlərin
qorunmasında maraqlı olub və biz ümid edirik ki, hər zaman bu
siyasət ABŞ tərəfindən də Azərbaycana qarşı uğurla davam
etdiriləcək”, – deyə deputat əlavə edib.

Teqlər: