Cozef Bayden Adminstrasiyasının anti-Türkiyə siyasəti: Səbəblər, motivlər, nəticələr

Amerika Birləşmiş Ştatlarının 46-ci prezidenti Cozef Bayden 2021-ci il 24 aprel tarixində 1915-1923-cü illərdə Osmanlı Türkiyəsində yaşanan hadisələrə münasibətdə “soyqırım” ifadəsini islətməklə adını əbədi olaraq Ermənistanın ağ yalan üzərində qurulmuş saxta tarixinə pərçim etmişdir. Xatırladaq ki, Ronald Reyqandan sonrakı dönəmdə Cozef Baydenin sələfləri oxşar situasiyada ən pis halda “böyük qırğın” ifadəsini işlətməklə kifayətlənmişlər. Onların bir çoxları seçkiöncəsi ermənipərəst bəyanatlarla çıxış etsələr də, prezident olduqdan sonra fövqəldövlətin qlobal strateji maraqları qarşısında vədlərindən imtina etmək məcburiyyətində qalmışlar. 2008-2016-cı illərdə ABŞ-a rəhbərlik etmiş Barak Obama seçkiqabağı təbliğat kampaniyası dövründə qondarma “erməni soyqırımı”nı tanıyacağını təkcə şifahi deyil, həm də yazılı şəkildə bəyan etsə də, vədini yerinə yetirməyin doğuracağı ağır geosiyasi fəsadları nəzərə alıb, bu addımdan çəkinmişdir.

Cozef Bayden isə ABŞ-ın qlobal strateji maraqlarını dar erməni maraqlarına qurban verərək “ermənidən çox erməni olmaq” xislətini gizlətməmiş, siyasi karyerasının qara ləkəsi kimi yaddaşlara həkk olacaq addıma imza atmışdır. Nəticə özünü çox gözlətməmiş, Türkiyədə ABŞ əleyhinə böyük siyasi və ictimai etiraz dalğasının yaranmasına səbəb olmuşdur İlk növbədə ABŞ-ın Ankarada səfiri Devid Satterfild Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilmiş və ona bildirilmişdir ki, Türkiyə qondarma “erməni soyqırımı” haqqında bəyanatı inkar edir, onu qəbuledilməz sayır və hesab edir ki. bu addım ikitərəfli münasibətlərə tənzimlənməsi çətin olan ziyan vurmuşdur.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Cozef Baydenin “soyqırım” ittihamına cavabı özünü çox gözlətmədi. “Hörmətli Bayden, Minsk Qrupu deyilən bir üçlük quruldu. 30 il ərzində bu işğala son qoymadınız. Təəssüf ki, oradakı insanlar, bir milyondan çox azərbaycanlı qardaşlarımız doğma yurdlarından köç etmək məcburiyyətində qaldılar. Bütün o yerlər, o Qarabağ, bütün binalar, hər şey təəssüf ki, yandırıldı, məhv edildi.

Soyqırımı deyirsinizsə, güzgüyə baxmalı və özünüzü qiymətləndirməlisiniz. Hinduları deməyimə ehtiyac yoxdur. Bütün bunlar ortada ikən ayağa qalxaraq Türkiyəyə və türk millətinə soyqırımı damğası vura bilməzsiniz.”

“Baxın, burada on minlərlə dinc sakin qırılarkən, 1.5 milyon azərbaycanlı qardaşımız evlərini tərk etmək məcburiyyətində qaldı”, – deyə Ərdoğan Amerikalı həmkarını ikili standartlarda ittiham etdi.

Cənab Ərdoğan Cozef Baydenin son anti Türkiyə davranışına cavab olaraq Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana göndərdiyi məktubda xüsusi olaraq vurğuladı ki, “tarixçilərin aparması lazım olan mübahisələrin üçüncü ölkələr tərəfindən siyasiləşdirilərək ölkəmizə qarşı müdaxilə vasitəsi halına gətirilməsi kimsəyə kömək etmədi. İnanıram ki, şəxsiyyətimizi yalnız keçmişdə ruhumuzda qalan ağrılar üzərində qurmaq yeni nəsillərə qarşı böyük bir haqsızlıqdır.”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatları prezidenti Cozef Baydenin 1915-ci il hadisələrini “soyqırım” adlandırmasına özünün “Twitter” səhifəsində münasibət bildiriərək qeyd etmişdir ki, :”Yeganə əsası populizm olan qondarma “soyqırım” la bağlı bəyanatı rədd edirik”. “Sözlər tarixi dəyişdirə bilməz. Tariximiz haqqında heç kimdən dərs almayacağıq” , – deyə Türkiyənin xarici işlər naziri vurğulamışdır.

Türkiyə Xarici İşlәr Nazirliyi Cozef Baydenin “soyqırım” ifadəsinə sərt reaksiya verərək bəyan etmişdir ki, ‘‘ABŞ prezidentinin aprelin 24-dә 1915-ci il hadisәlәri ilә bağlı verdiyi açıqlamanı qәbul etmirik vә kәskin şәkildә lәnәtlәyirik. ABŞ prezidentinin açıqlamasının heç bir әhәmiyyәti yoxdur. 1915-ci il hadisәlәri ilә bağlı beynәlxalq hüquqda müәyyәnlәşdirilmiş ”soyqırım” ifadәsinin istifadә edilә bilmәsi üçün lazımi şәrtlәrin heç biri mövcud deyil. Avropa İnsan Haqları

Mәhkәmәsi 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadә etmişdir’’. Bәyanatda hәmçinin vurğulanmışdır ki, Türkiyә tarixi haqqında ABŞ daxil olmaqla heç kimdәn dәrs alan deyil.

Türkiyəni Milli Müdafiə Naziri Hulusi Akar sosial media hesabındakı açıqlamasında ​​Baydenin “soyqırım” ifadəsinə sərt reaksiya verərək bildirmişdir ki, “ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı “soyqırım” ifadəsini istifadə etməsi tarixi həqiqətləri inkar etmək və təhrifdən başqa məna daşımır. Bu ifadəni səsləndirənlər dünya və öz tarixlərinə baxmalıdırlar. ABŞ rəhbərliyinin əsassız ifadəsinin heç bir etibarı ola bilməz. Erməni xalqını belə təmsil etməyən lobbilərin təzyiqi qarşısında belə bir qərar qəbul etmək ağıl və məntiqə ziddir. Bu cür siyasi bəyanatlarla tarixin yenidən yazıla bilməyəcəyi idrak edilməlidir. Bəs tarixi hadisələr siyasiləşdirilməməlidir. “

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun İstanbulda erməni terror təşkilatları tərəfindən şəhid edilən türk diplomatlarının xatirəsinə təşkil edilən “Şəhid diplomatlar” sərgisində çıxışı zamanı ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına toxunanaraq vurğulamışdır ki, “Cozef Baydenin 1915-ci il hadisələrini “soyqırım” olaraq adlandıran bəyanatını uğursuz, hədsiz və əsassız qəbul edirik və bunu rədd edirik. Bunun münasibətlərimizə ciddi ziyan vuracağı açıqdır. Qondarma “soyqırım” iddiaları kimi tarixi gerçəklikdən məhrum olan populist ifadələr, bu torpaqlarda illərdir yaradıb, ortaya çıxardığımız birlikdə yaşamaq mədəniyyətimizə bir hücumdur. “

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələrini “soyqırım” deyə adlandırmasına Türkiyənin cavab verəcəyini söyləmişdir. Böyük Britaniya xəbər agentliyi “Reuters”ə açıqlama verən İbrahim Kalın “Cozef Baydenin bu dəhşətli bəyanatı son dərəcə uğursuz və ədalətsiz bir bəyanatdır. Biz bunu tamamilə rədd edirik, qınayırıq. Bəyanat tarixi faktlarla dəstəklənmir. Heç bir qanuni əsası yoxdur”,-demişdir.

Türkiyənin hakim və müxalif siyasi partiyalarının rəhbərləri növbəti dəfə ümummilli məsələdə birlik və həmrəylik nümayiş etdirərək Cozef Baydenin məsuliyyətsiz “soyqırım” ifadəsinə münasibətdə kəskin mövqelərini bəyan etmişlər. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasnın başçısı Dövlət Bağçalı “Türk millətinin şərəfli keçmişində nə soyqırımı məhcubiyyəti, nə də qətliam zilləti vardır. Tariximiz bu baxımdan da tərtəmizdir”,- demişdir.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik “tarixi və hüquqi əsası olmayan əsassız iddialara əsaslanan ifadəni rədd edirik”,- fikrini səsləndirmişdir.

Cümhuriyyət Xalq Partiyasının sözçüsü Faiq Öztrak Cozef Baydenin açıqlamasının tarixə böyük bir səhv olaraq düşdüyünə diqqət çəkərək “Ölkəmizi ittiham altında qoyan ifadələrə görə təəssüf edirik”,-demişdir.

Azərbaycan məşhur el məsələində deyilir ki, “yaxşı dost pis gündə tanınar”. Azərbayacn-Türkiyə dostluğu və qardaşlığı bu baxımdan dünyanın istənilən ölkəsi üçün örnək ola bilər. Xüsusilə Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək unudulmazdır. Azərnbaycan da hər zaman Türkiyənin yanında olduğunu dəfələrlə sübut etmişdir. Bu baxımdan təsadüfi deyildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 24-də Cozef Baydenin Türkiyəyə qarşı nümayiş etdirdiyi böyük ədalətsizliyə dərhal reaksiya vermiş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək bu qərarı tarixi səhv adlandırmışdır. Dövlətimizin başçısı Azərbaycanın bu qərarı qəbuledilməz hesab etdiyini vurğulamışdır. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyllərinə zərər vurduğunu bildirmişdir. Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etmişdir.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırmışdır.

Aprelin 24-də Milli Məclisinin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop arasında baş tutan telefon danışığı zamanı qardaş ölkə parlamentlərinin spikerləri Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını ifadə etmişlər. Milli Məclis Sədri sözügedən bəyanatın tarixi xəta olduğunu və qəbuledilməz xarakter daşıdığını ifadə etmişdir. Tarixin siyasiləşdirilməsinin çox təhlükəli bir meyl olduğunu ifadə edən Milli Məclisin Sədri Azərbaycanın hər zaman qardaş Türkiyəni dəstəklədiyini vurğulamışdır.

Həmin gün Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayaraq Türkiyəyə dəstəyini ifadə etmişdir. Bəyanatda xüsusi olaraq vurğulanır ki, “Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.”

Heç şühhəsiz, ABŞ prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi qərəzli mövqe Ermənistan cəmiyyətini daha da radikallaşdırmış, revanşistlərə əlavə stimul vermiş, regionda formalaşmaqda olan kövrək əməkdaşlıq və təhlükəsizlik mühitinə təhdid yaratmışdır. Təsadüfi deyildir ki, ABŞ prezidentinin məlum mövqeyi fonunda Ermənistanda Türkiyə və Azərbaycan bayraqları yandırılmış, hər iki qardaş dövlətin bayraqlarına bükülmüş maniken simvolik olaraq boğazından asılmışdır. Bütün bunlar terrorçuluğun real elementləridir. Anoloji hadisələr heç bir vaxt nə Azərbaycanda, nə də Türkiyədə baş verməmişdir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan və Türkiyənin Ermənistanı regional əməkdaşlığa cəlb etmək kimi humanist davaranışıının qarşılığında məğlub ölkədən siyasi radikalizm, təxribat və terrorçu hərəkətlər nümayiş olunmaqdadır. Rəsmi Vaşinqtonun son davranışı isə bu halda “od üstünə kerosin tökmək” effekti yaratmışdır.

Anoloji mövqe ilə Fransa prezidenti Emmanuel Makron da çıxış etmişdir. O, Cozef Baydenin məlum ifadəsinin ardınca aprelin 24-də özünün “Twitter” səhifəsində qeyd etmişdir ki, “Biz 24 apreli-“erməni soyqırımı” qurbanlarının anım gününü unutmayacaqğıq. Biz bir yerdə inkara, nifrətə və zorakılığa qarşı mübarizə aparacağıq. Fransız xalqı və erməni xalqı əbədi olaraq bir yerdədir”. Bundan bir qədər əvvəl isə o, qondarma “erməni soyqırımı”nın 106-cı ildönümü ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərmiş və erməni xalqının yanında olduğunu bildirmişdir.

Bundan savayı, aprelin 24-də Ermənistanda səfərdə olan Fransa Senatının sədri Jerar Larşe Senatın “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını” təklif edən qətnaməsini xatırladaraq, Azərbaycanda saxlanan “hərbi əsirlər”in dərhal, qeyd-şərtsiz qaytarılmasını və azad olunmuş ərazilərdə “erməni tarixi-mədəni irsinin məhv edilməsi”nə son qoyulmasını tələb etdiklərini bildirmişdir. Bundan başqa, son günlər bəzi kütləvi informasiya vasitələrində Fransanın Dağlıq Qarabağdakı işğalçı rejimi tanımağa hazırlaşdığına dair məlumatlara rast gəlinir.

Bütün bu sadalanan reallıqlar fonunda digər bir həqiqəti də dilə gətirmək lazımdır. Haqqında bəhs olunan dövlətlər, yəni ABŞ və Fransa milli səviyyədə Erməmistana olan sevgisini ifadə etsəydi, haradasa anlamaq olardı. Vəziyyətin qəlizliyi və dramatikliyi ondadır ki, hər iki dövlət Ermənistan-Azərbaycan münaqişəsini həll etmək missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləridir. İndi gün kimi aydındır ki, niyə bu münaqişə 30 il ərzində həllini tapa bilməmişdir. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

İndi isə məlum hadisə fonunda cavablarının tapılması olduqca vacib olan bir sıra digər suallar ətrafında təhlillər aparmağa çalışaq. Bəs prezidentliyinin 100-cü günü ərəfəsində Cozef Baydeni Türkiyə kimi strateji əhəmiyyətli müttəfiqinə münasibətdə belə tarixi səhv addım atmağa məcbur edən hansı amillərdir? Vaşinqton-Ankara münasibətlərində yaşanan dərin böhran hansı geosiyasi nəticələri labüd edə bilər? NATO-da hərbi güc baxımından birinci və ikinci yerləri paylaşan ABŞ və Türkiyə arasında kəskin qarşıdurmanın formalaşması Cənubi Qafaqaz regionunda kövrək təhlükəsizlik və əməkdaşlıq mühüti üçün hansı təhdidlər yarada bilər? Bu və digər suallara cavab verməyə çalışaq.

Əvvəla, onu qeyd edək ki, Cozef Bayden bütün siyasi karyerası dövründə ermənipərəst mövqeyi və antitürk davranışı ilə seçilən siyasətçi imicinə malik olmuşdur. O, senator olarkən ABŞ Konqresində “erməni dostları” qrupunun ən fəal üzvlərindən biri olmuş, məhz bu ölkənin güclü erməni lobbisi və diasporunun dəstəyi ilə Senatın Xarici əlaqələr Komitəsinin sədri vəifəsinədək yüksəlmişdir. Erməni lobbisi tərəfindən göstərilən “etimadı” doğrultmağı öz siyasi karyerasının “məhək daşı”na çevirən Cozef Baydenin bu yolda ilk nəzərəçarpacaq “xidməti” 1992-ci il oktyabrın 24-də Konqres tərəfindən Azərbaycana qarşı bədnam “907-ci maddə”nin qəbul edilməsi oldu. Dövlət səviyyəsində Azərbaycana qarşı iqtisadi yardım qadağasını özündə ehtiva etməklə ikitərəfli münasibətlərin “qara ləkə”si olan bu qanunvericilik təşəbbüsünün həmmüəlliflərindən biri də məhz Cozef Bayden olmuşdur. Məhz onun xüsusi cənfəşanlığı sayəsində 2019-ci il oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası (burada çoxluq Demokratlar Partiyasına məxsus idi) 296 №-li qətnamə qəbul edərək 1915-1923-cü illərdə Osmanlı Türkiyəsində baş vermiş hadisələri “erməni soyqırımı” kimi tövsif etmişdir Hər iki partiyadan olan 435 konqresmenin 405-i bu sənədin lehinə səs vermişdir. Cəmi 11 konqresmen əleyhinə mövqe bildirmişdir. Bundan sonra anoloji nəticəni Senatda da əldə etmək istəyən Cozef Bayden və onun tərəfdarlarının cəhdlərinin qarşısı 3 dəfə yuxarı palatada alınsa da, yalnız 2019-cu il dekabrın 12-də dördüncü cəhddə Senat yekdilliklə qondarma “erməni soyqırımı”nı tanıyan 150 №-li qətnamə qəbul etmişdir. Bu bədnam qatnamənin həmmüəllifləri demokrat senator Robert Menendes və respublikaçı senator Tom Kruzdur. Hər iki senator Konqresin “erməni dostları” qrupunun üzvləridir. Qətnamənin qəbulunundan sonra ilk müsahisbəsində Robert Menendesin səsləndirdiyi fikir uzagagedən hədəflərinin olduğunu bir daha təsdiqləmişdir: “zaman yetişmişdir ki, qaninvericilərə prezident də qoşulsun”. Prezident ali vəzifəsinə onların ermənipərəstlik üzrə əqidə yoldaşları Cozef Bayden seçildikdən sonra “prezidentin qanunvericilərə qoşulması” üçün cəmisi 94 gün vaxt lazım oldu.

Göründüyü kimi, Konqresinin hər iki palatası artıq 2019-cu ildə qondarma “erməni soyqırımı”nı tanıyan siyasi qətnamələr qəbul etmiş, eyni zamanda indiyədək ABŞ-ın 50 ştatının 49-u anoloji addımları atmışdır. Qeyd edilən reallıqlar fonunda Prezident Cozef Baydenin cari ilin 24 aprel tarixində 1915-1923-cü illərdə Osmanlı Türkiyəsində baş verən hadisələrə münasibətdə “soyqırım” ifadəsi işlədəcəyi proqnozlaşdırılan idi. Aprelin 23-də Prezidentlər Cozef Bayden və Rəcəb Təyyub Ərdoğan arasında baş tutmuş telefon danışığından sonra nüfuzlu ABŞ nəşri “The Wall Street Journal” etbarlı mənbələrdən aldığı məlumata istinad edərək Cozef Baydenin 2020-ci ilin oktyabr ayında, prezident seçkilərinin finiş mərhələsində verdiyi sözə əməl edərək qondarma “erməni soyqırımı”nı tanıyacağı ilə bağlı sensasiyalı məlumat yaydı. Ağ evin mətbuat katibi Cen Psaki mətbuatın tirajladığı informasiyanı nə təsdiq, nə də təkzib etdi. Hər kəsi aprelin 24-nü gözləməyə dəvət etdi. Bu vəziyyətdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun reaksiyası özünü çox gözlətmədi. O. “Haberturk”ə müsahibəsində rəsmi Vaşinqtonu ehtiyatlı davranışa dəvət etdi və xəbərdarlıq etdi ki, belə bir addımın atılması Türkiyə-ABŞ münasibətlərinə ciddi zərər vura bilər. Bütün bunlara baxmayaraq, reallıq ondan ibarətdir ki, ABŞ Prezidenti Ankara-Vaşinqton münasibətləri üçün “qırmızı xətt” olan bir məsələdə olduqca radikal bir addıma imza atdı. Düzdür, həm ABŞ Konqresinin hər iki palatasının qəbul etdiyi məlum qətnamələr, həm də Prezident Cozef Baydenin “soyqırım” ifadəsi siyasi xarakter daşıyır, simvolik məna kəsb edir və heç bir hüquqi gücə malik deyildir. Buna baxmayaraq, ABŞ-ın NATO-nun cənub qanadında həledici amil olan müttəfiqi-Türkiyə ilə münasibətləri böyük sual altına qoyması bir sıra digər məsələlər ətrafında da ciddi təhlil aparılmasını vacib edir. Bu, ilk növbədə Cozef Bayden administrasiyasının Türkiyəyə münasibətdə dualist yamaşmasının mövcudluğu versiyasını aktual edir. ABŞ-ın yeni prezidenti və onun komandasının üzvlərinin rəsmi bəyanatları, habelə bu ölkənin mətbu orqanlarında yer alan bir sıra məlumatların təhlili belə qənaətə gəlməyə əsas verir. Sağlam məntiqlə yanaşdıqda, Cozef Baydenin komandasının tam tərkibdə Türkiyənin ABŞ və NATO üçün strateji əhəmiyyət daşıdığını dərk etməyənlərdən ibarət olduğunu zənn etmək siyasi sadəlövlük olardı. Məsələyə bu prizmadan yanaşdıqda Ağ evdə Türkiyəyə münasibətdə bir-birini inkar edən iki yanaşma hakimdir.

Birinci yanaşma Türkiyə ilə əməkdaşlıq və barışığı təşviq edir. Bu yanaşmanın tərəfdarlarının mövqeyinə görə, Türkiyə vacib müttəfiqdir və NATO-nun cənub qanadında həlledici ölkədir. Elə bu səbəbdən ABŞ Türkiyəni itirməməlidir və onun Qərbin müdafiə blokundan Rusiyaya tərəf istiqamətlənməsinə rəvac veməməlidir. Bu mövqenin daşıyıcaılarının fikrincə, Türkiyəyə qarşı ABŞ-ın sərt mövqeyi və dağıdıcı iqtisadi sanksiyalar rejiminin tətbiqi rəsmi Ankaranı daxili siyasətdə avtoritarizmə, xarici siyasətdə isə yeni orientasiya seçiminə təhrik edə bilər. ABŞ istənilən vasitə ilə Türkiyənin Qərb müdafiə blokunda mövqeyini möhkəmləndirməlidir. Bu məqsədə nail olmaq üçün Türkiyəyə münasibətdə yeni iqtisadi və diplomatik dəstək rıçaqlarını işə salmalı, təhlükəsizlik məsələlərində əsl müttəfiq kimi davranmalıdır. Bu yanaşmanın tərəfdarları hesab edir ki, Türkiyə Bayden administrasiyasına transatlantik əlaqələrin bərpası səylərində, habelə Rusiyanın Liviya, Suriya, Aralıq dənizinin şərq regionları, Qara dəniz və Qafqazda ambisiyalarının qarşısının alınmasında yardımçı ola bilər.

İkinci yanaşma Türkiyəyə qarşı qarşıdurma və məcburetmə siyasətini ehtiva edir. Bəzi məlumatlara görə, bu düşuncədə olanlar Bayden komandasının böyük əksəriyyətini təşkil edir və prezidentin ən yaxın əhatəsi hesab olunurlar. Onlar Türkiyəyə qarşı diplomatik və siyasi təzyiq vasitələri ilə yanaşı, təsirli iqtisadi sanksiyalar paketinin də tətbiqini zəruri sayırlar. Cozef Bayden başda olmaqla bu yanaşmanın tərəfdarları Türkiyəni ABŞ maraqlarının ziddində olan bir sıra məsələlərdə ittiham edirlər. Bunlar, ilk növbədə aşağıdakılardan ibarətdir:

Birincisi, kürd məsələsi və “Suriya böhranı”. Məlum olduğu kimi, Cozef Bayden administrasiyası 2003-cü ildə Suriyanın şimalında yaradaılmış kürd partiyası olan “Demokratik Birlik Partiyası” (PYD) və onun silahlı qanadı “Xalq Özünümüdafiə Dəstələri”nı (YPG) müdafiə edir. Halbuki bu qüvvələr Türkiyəyə qarşı açıq terrorçu fəaliyyət ilə məşğuldurlar. Rəsmi Ankara haqlı olaraq onları ABŞ-ın beynəlxalq terrorçu təşkilat kimi tanıdığı (1999-cu ildə) PKK-nın Suriya qanadı hesab edir. Başqa sözlə, Ankara üçün Suriyada terrorçu olanlar, Vaşinqton tərəfindən müttəfiq kimi qəbul olunur. Eyni məntiqlə də, ABŞ Türkiyəni Bəşər Əsəd rejimini devirmək istəyən “radikal islamçı”larla əməkdaşlıqda ittiham edir. Hətta Cozef Bayden hələ vitse-prezident olarkən Türkiyə başda olmaqla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini öz ərazilərində terorrçu qruplaşmaları himayə etməkdə və Suriyaya göndərməkdə günahlandırmışdı. Bu ağır ittihama Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın kəskin reaksiyası özünü çox gözlətməmişdi. Cənab Ərdoğan Cozef Baydeni yalan informasiya yaymaqda ittiham etmiş və ondan üzr istəməsini tələb etmişdi. Vəziyyətin dramatikləşdiyini görən Cozef Bayden telofon zəngi edərək Prezident Ərdoğana üzrxahlıq etmək məcburiyətində qalmışdı. Bütün bu faktlar da bir daha təsdiqləyir ki, Cozef Bayden ermənipərəst mövqenin daşıyıcısı olaraq Türkiyə dövlətinə və xüsusən də onun xarizmalı lideri cənab Ərdoğana qarşı hər zaman qərəzli davranış sərgiləmişdir. Prezident seçildikdən sonra isə qərəzin kəmiyyət və keyfiyyət göstəriciləri yeni məzmun kəsb etmişdir.

Bir el məsəlində deyildiyi kimi, “Yalan ayaq tutar, ancaq yeriməz.” Gün kimi aydın həqiqətdir ki, “Suriya böhranı”ndan ən çox əziyyət çəkən dövlət məhz Türkiyədir. BMT-nın Qaçqınlar Üzrə Ali Komissarlığının 2018-ci il üçün hesabatında qeyd olunduğu kimi, məhz Türkiyə Yaxın Şərq, Afrika və Əfqanıstandan olan bütün qaçqınların 63,4%-nı öz ərazisində qəbul etmiş və yerləşdirmişdir. BMT-nin 2019-cu il üçün anoloji hesabatında isə qeyd olunur ki, Türkiyə Suriyada vətəndaş müharibəsi nəticəsində ev-eşiyindən məhrum olmuş 3,6 milyon insana qucaq açmış, onların Avropaya axını yolunda sipər olmuş, bütün yaşayış problemlərinin həllini öz üzərinə götürmüşdür. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

İkincisi, Türkiyənin 2019-cu ildən etibarən Rusiyadan S-400 zenit raket komplekslərini (ZRK) alması (Rusiya Silahlı Qüvvələrində 2007-ci ildən mövcudur) Ankara-Vaşinqton münasibətlərinin gərginləşməsinin “lakmus kağızı”na çevrilmişdir. ABŞ 2020-ci il dekabrın 14-də bu sövdələşmədən ciddi narahatlığının ifadəsi olaraq Türkiyənin müdafiə sənayesinə və onun 4 nəfər yüksək rütbəli təmsilçisinə qarşı sanksiya tətbiq etmişdir. Bundan savayı, Türkiyənin S-400 ZRK-ni almasına cavab olaraq Pentaqon 5-ci nəsil F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışına dair müqaviləni 2019-cu ilin 31 iyul tarixinədək ləğv etmək haqqında qərar qəbul etmişdir. Türkiyə ABŞ-dan 116 F-35 almaq niyyətində idi. Onlardan 90 ədədi 10 il ərzində (2014-2023) Türkiyə Hərbi-Hava Qüvvələrinin istifadəinə verilməli idi. Heç şübhəsiz, “F-35 işi”ndə də qərəz və ikili standartlar göz qarşısındadır. Türkiyənin Rusiyaya məxsus silah növünə olan məlum münasibətinin formalaşmasına görə də məsuliyət ABŞ-ın üzərinə düşür. Əvvəla, anoloji ZRK-ya Yunanıstan malik olsa da, rəsmi Afinaya qarşı bu məsələdə heç bir təzyiq olmamışdır. Digər tərəfdən, Türkiyə ABŞ-dan anoloji silah növü olan “Petriot” raketdən müdafiə sistemlərini almaq istəsə də, Pentaqon razılıq verməmişdir. Basqa sözlə, “Sem dayı” öz davranışı ilə hərbi sahədə ABŞ-Türkiyə deyil, Rusiya-Türkiyə əməkdaşlığının inkişafı üçün “yaşıl işıq” yandırmışdır. İstisna deyildir ki, yeni reallıqda rəsmi Ankara F-35-ə alternativ olaraq Rusiyanın 5-ci nəsil Su-35 və ya Su-57 qırıcı təyyarələrini almaq ilə bağlı rəsmi Moskva ilə danışıqlara başlasın. O da mümkündür ki, S-400 ZRK-nın ikinci partiyasının Türkiyəyə göndərilməsi də iktərəfli danışıqların predmeti ola bilər. Bu proses real məzmun kəsb edəcəyi təqdirdə bütün məsuliyyət birmənalı olaraq ABŞ-ın siyasi-hərbi rəhbərliyinin üzərinə düşəcəkdir.

Üçüncüsü, Aralıq dənizinin sərq hissəsində və Egey dənizində ABŞ və Türkiyə arasında enerji rəqabətinin mövcudluğu da ikitərəfli münasibətlərdə dərin çatların əmələ gəlməsində az rol oynamamışdır. Rəsmi Vaşinqton bu məsələ ətrafında Ankaraya təzyiq elementi olaraq Yunanıstan və Kipr Respublikası ilə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində əməli addımlar atmağa başlamışdır. Həmin kursun Bayden dövründə yeni inkişaf müstəvisinə keçəcəyi ilə bağlı proqnozlar səslənməkdədir. Artıq Ağ evin yeni rəhbəri Türkiyəni sözügedən regionda təxribatçı addımlar atmaqda ittiham edir. ABŞ siyasi isteblişmentinin bu anti Türkiyə davranışı, heç şübhəsiz, ikitərəfli müttəfiqlik münasibətlərinin ruhuna ziddir və rəsmi Ankaranı adekvat addımlar atmağa, o cümlədən Rusiya ilə münasibətlərin səviyəsinə yenidən baxmağa təhrik edə bilər. Onu da qeyd edək ki, enerji, o cümlədən atom energetikası sahəsində Ankara-Moskva münasibətləri artan inkişaf tempinə malikdir. Rusiya Türkiyənin cənubunda “Akkuyu” atom elektrik stansiyasını tikir və bu sferada əməkdaşlığın yeni səhifələrinin yazılacağı istisna deyildir. Deməli, sözügedən sahədə də Türkiyə-Rusiya əməkdaşlığı Ankara-Vaşinqton münasibətlərində “böhran dosyesi” rolunu oynamaqdadır.

Dördüncüsü, ənənəvi olaraq Ag ev Türkiyəni demokratiya, insan haqları, qanunin aliliyi kimi məsələlərdə tənqid edir. “Demokratiyanın bütün dünyada yayılmasının himayədarı olacağı” ilə bağlı Prezident Cozef Baydenin populist bəyanatı fonunda növbəti 4 il ərzində Vaşinqton-Ankara münasibətlərində yeni gərginlik ocaqlarının yaranacağını təxmin etmək elə də çətin deyildir. 2020-ci ilin iyul ayında prezidentliyə namizəd Cozef Bayden cənab Ərdoğanı Sofiya kilsəsinin muzey kimi fəaliyətini dəyişib, məscidə çevirməkdə, homoseksualizmə qarşı tolerantlıq tələb edən “İstanbul konvensiyası”ndan çıxmaqda və s. ittiham edir. Halbuki ABŞ-da keçirilən son prezident seçkilərinin hansı biyabırçı qalmaqallarla tarixdə qaldığı hər kəsə bəllidir. Kapitoliyaya basqın, polisin mülki əhaliyə qarşı qəddar və şiddətli davranışı, çoxsaylı həbslər və bu prosedə insan itkiləri, o cümlədən bir nəfər qadının hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən güllələnməsi səhnələri qorxulu Hollivud filmlərindən kadrlar deyil, Cozef Baydenin prezident seçilməsinin ABŞ-da doğurduğu çoxsaylı etiraz dalğasından iqtibas gətirilən bir epizoddur. Eks-prezident Donald Tramp və onun milyonlarla tərəfdarları Cozef Baydeni və onun komandasını kütləvi seçki saxtakarlığında ittiham edir, xüsusilə poçt vasitəsilə səsvermə zamanı total seçki pozuntularına yol verildiyini faktlarla əsaslandırırdılar. Bütün bu saxta seçki reallıqlarını nəzərə alıb, Donald Tramp Cozef Baydeni ironiya ilə bütün amerikalıların deyil, məhz “poçtalyonların prezidenti” adlandırmışdı. Bu baxımdan təsadüfi deyildir ki, prezidentliyinin 100-cü günü ərəfəsində Cozef Baydenin reytinqi antirekord vurmaqdadır və o, Donald Trampın müvafiq dövdrəki ən aşağı olan göstəricisinə (42% lehinə) yaxınlaşmaqdadır. Belə ki, respondentlərin yalnız 52%-i Cozef Baydenin prezidentliyindən qismən razı qaldıqlarını bildirsələr də, 42% tam əks mövqedən çıxış etmişdir. Bu tendensiyanın davam edəcəyi proqnozlaşdırılır.

Nəhayət, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun tarixi zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədinə imza atmış, ərazi bütövlüyümüz və tarixi həqiqət bərpa olunmuş, regionda yeni reallıqlar yaranmışdır. Bu reallıqların yaranması prosesində ABŞ və onun NATO üzrə müttəfiqi Fransa heç bir rol oynamamış, bir çox hallarda isə aşkar-gizli şəkildə Ermənistana dəstək vermişlər. Başqa sözlə, ATƏT-in Minsk qrupunun hər iki üzvü məlum prosesdə “autsayder” vəziyyətinə düşmüşdür. Rusiya isə digər həmsədr olaraq təkbaşına siyasi tənzimlənmə prosesinə qoşulmuşdur. İlk dəfə olaraq ATƏT-in Minsk qrupunun 11 üzvündən biri olan Türkiyə də bu prosesdə fəal aktora çevrilmişdir. Nəticədə ABŞ və Fransanın iştirakı olmadan, Türkiyənin yaxından dəstəyi ilə 10 noyabr üçtərəfli bəyanatı imzalanmışdır. Bu bəyanatı Azərbaycan, Rusiya və Ermənistanın siyasi liderləri imzalamış və 44 günlük müharibəyə son qoyulmuşdur. Bütün sadalanan hadisələri ABŞ və Fransanın siyasi liderləri kənar müşahidəçi statusunda izləmək məcburiyətində qalmışlar. Eyni zamnada fərqində olmuşlar ki, təkcə Rusiya deyil, Türkiyə silahlı qüvvələrinin də məhdud kontingenti Qarabağda sülh prosesinin monitorinqini aparmaq səlahiyəti qazanmış və əməli fəaliyyətə başlamışlar. Hesab etmək olar ki, bu reallıq da ABŞ-ın yeni siyasi rəhbərliyinin anti Türkiyə davranışının formalaşmasına əlavə stimul vermişdir.

Cozef Bayden administrasiyası 106 il əvvəl Osmanlı Türkiyəsində yaşanan hadisələri tarixi deyil, məhz siyasi mülahizələrdən çıxış edərək “soyqırım”ı kimi qiymət verə bilir, lakin dünyanın gözü qarşısında ermənilərin törətdikləri “Xocalı soyqırımı”na münasibətdə özlərini kar, kor və lal kimi aparmaqda davam edirlər. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər, Naftalan və digər şəhərlərə qadağan olunmuş raketlər və kasetli bombalar ataraq mülki əhaliyə qarşı müharibə cinayətinə imza atsa da, ABŞ yenidən ya müəmmalı susqunluq nümayis etdirmiş, ya da açıq şəkildə Ermənistana dəstəyini gizlətməmişdir. Həmin dəstəyi BMT TŞ-da Azərbaycan əleyhinə qətnamənin qəbul olunması yolu ilə ifadə etməyə səy göstərmişdir. Yalnız bu qurumda təmsil olunan Qoşulmama Hərəkatının (Azərbaycan bu təşkilata sərdlik edir) bır sıra ölkələrinin Azərbaycana dəstək mövqeyi sayəsində anti Azərbaycan xarakterli sənəd qəbul olunmamışdır. Bütün bu sadalanananlar virtual deyil, gerçək dünyamızın reallıqlarıdır və bir daha sübut edir ki, beynəlxalq hüquq işləmir. Əsas səbəbi də elə onun keşiyində durmalı olan böyük dövlətlərin, xüsusilə də fövqəldövlət olan ABŞ-ın ikili standartlar siyasətidir. Bu yerdə böyük alim Albert Eynşteynin keçən əsrin 50-ci illərində səsləndirdiyi “beynəlxalq qanunlar sanki yalnız beynəlxalq qanunlar külliyatında mövcuddur” fikri müasir dünyamızda daha böyük aktuallıq kəsb etməkdədir. Bu, həqiqətdir. Nə qədər açı olsa da belə.

Beləliklə, Cozef Bayden administrasiyasının Türkiyə əleyhinə siyasətinin səbəb və motivləri ilə bağlı yuxarıda apardığımız təhlil və analizlər bir sıra nəticələr çıxarmağa və müvafiq tövsiyələr irəli sürməyə əsas verir.

Birincisi, Vaşinqton-Ankara siyasi münasibətləri ziddiyyətlərdən qarşıdurmaya qədər inkişaf edə bilər. Bu halda siyasi dialoq mühitinin büsbütün deformasiyaya uğrayacağı istisna olunmur. Türkiyənin xarici siyasət vektorlarında da ABŞ-ın strateji maraqları ziddinə müəyyən dəyişikliklərin olmasını proqnozlaşdırmaq mümkündür.

İkincisi, ABŞ və Türkiyə arasında xeyli müddətdir ki, Birgə İqdisadi Komissiya fəaliyyət göstərir, ticarət və investisiyalar haqqında Çərçivə sazişi imzalanmışdır. 2002-ci ildə tərəflər iqtisadi əlaqələri genişləndirmək məqsədilə İqtisadi Əməkdaşlıq Komissiyası təsis etmişlər. Atılan addımların nəticəsində iki dövlət arasında ticarət dövriyyəsi 2008-2018-ci illər arasında 5 milyard dollardan 20 milyard dollaradək, yəni son 10 il ərzində 4 dəfə artmışdır. Bu göstəricinin 100 milyard dollara çatdırılması strateji hədəf kimi nəzərdən keçirilirdi. Hal-hazırda Türkiyə ABŞ-ın 32-ci nəhəng ticarət tərafdaşıdır. Ticarət dövriyyəsi isə 20,5 milyard dollara yüksəlmişdir.

ABŞ və Türkiyə arasında yaşanan siyasi böhran yuxarıda qeyd olunan dinamik ikitərəfli iqtisadi əlaqələr üçün ciddi çətinliklər yarada bilər.

Üçüncüsü, ikitərəfli hərbi əməkdaşlıq siyasətində ciddi çatlar əmələ gələ bilər. S-400 ZRK və F-35 ilə bağlı ikitərəfli münasibətlərdə yaşanan gərginlik haqqında yuxarıda qeyd etmişik. İstisna deyildir ki, rəsmi Ankara 1954-cü ildən ABŞ-ın Türkiyədə malik olduğu İncirlik hərbi-hava qüvvələrinin bazasının statusuna yenidən baxılması məsələsini gündəmə gətirə bilər. Bu bazanın ABŞ-ın Yaxın və Orta Şərq hərbi strategiyasında müstəsna yer və rola malik olduğu danılmaz həqiqətdir. Xüsusilə “soyuq müharibə”, Fars körfəzində və İraqda müharibələr zamanı bu bazanın ABŞ üçün həyati əhəmiyyəti olmuşdur. Eləcə də Pentaqonun 2001-ci ildən başlayaraq Əfqanıstanda, 2003-cü ildən İraqda və 2011-ci ildən isə Liviyada hərbi əməliyyatlar zamanı İncirlik bazasının imkanlarından geniş istifadə etdiyi hərbi sirr deyildir.

Nüvə silahından birgə istifadə olunması siyasəti çərçivəsində ABŞ-ın Türkiyə ərazisində B61 adlı nüvə bombaları da yerləşdirilmişdir. Həmin silahların da ölkə ərazisindən çıxarılması məsələsinin gündəmə gətirilməsi mümkündür. Eyni zamanda NATO daxilində böhran elementlərinin yaranması ehtimalı praktiki məzmun kəsb edə bilər.

Bütün bu və digər reallıqları nəzərə aldıqda birmənalı olaraq söyləmək olar ki, Cozef Bayden administrasiyasının qlobal ABŞ maraqlarının ziddinə olaraq Türkiyə kimi nəhəng strateji müttəfiqi ilə münasibətləri dar erməni maraqları naminə korlamaq siyasəti agır geosiyasi fəlakətləri labüd edə bilər. Bu, ABŞ-a lazımdırmı? Zənnimizcə, cavab birdir: qətiyyən yox! Güman edirik cari ilin iyun ayında NATO-nun Brüssel sammiti çərçivəsində baş tutması gözlənilən Bayden-Ərdoğan görüşü bütün bu cavabını gözləyən sualların müzakirəsi və “strateji barışıq” üçün unikal şans olacaqdır.

Elman Nəsirov

Milli Məclisin Deputatı. Siyasi Elmlər Doktoru, Professor.

Teqlər: