Xəbər - Fərid Zöhrabov -Trend:
Çox təəsüf hissi ilə qeyd etmək istərdik ki, bir sıra çoxmənzilli binalarda sahə mülkiyyətçilərinə məxsus olan ümumi əmlakın istismar normalarına uyğun saxlanılmasında ciddi problemlər mövcuddur. Bu da öz növbəsində sözügedən binalarda xoşagəlməz halların yaranmasına gətirib çıxarır.
Bu barədə Trend-ə hüquqşünas Arif Nəzərov deyib.
Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
O bildirib ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və Mənzil Məcəlləsi, eləcə də mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
Mənzil Məcəllənin 38-ci maddəsinə uyğun olaraq, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir.
Sonda hüquqşünas bildirib ki, çoxmənzilli binadakı qeyri-yaşayış sahəsinə mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etmiş şəxslər həmin binanın, o cümlədən ümumi sahələrin (əmlakın) saxlanılmasında iştirak etməlidirlər.