Xəbər - Fərid Zöhrabov – Trend:
Çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni layihənin icrasına başlanılıb. Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsində həyata keçirilən layihə çərçivəsində binaların daxilində yerləşən dik qayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır, hər bir abonent sayğacla təmin olunur.
“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, istehlakçıların suölçən cihazlarla təmin edilməsi məqsədilə həyata keçirilən layihə Xətai rayonunda sovet dövründə tikilmiş 22 çoxmənzilli yaşayış binasını əhatə edir. Bu məqsədlə 1516 mənzilə sayğacın quraşdırılması nəzərdə tutulur. Qısa müddət ərzində 520-dən çox mənzilə yeni birləşmə verilərək sayğaclar quraşdırılıb.
Eyni zamanda həmin ərazidə “Azərsu” ASC-nin daxili imkanları hesabına məhəllədaxili su xətləri yenilənir. Layihəyə əsasən, məhəllələrdə ümumi uzunluğu 3400 metr olan paylayıcı su xətləri çəkilir və indiyədək işlərin 30 faizi yerinə yetirilib. Həmin kəmərlərdən binaların giriş xətlərinə birləşmə verilir. Bununla da binalara suyun birbaşa paylayıcı xətlərdən verilməsi təmin olunur və zirzəmilərən keçən borular ləğv edilir. Qeyd edək ki, sovet dövründə tikilmiş binaların əksəriyyətində daxili su təchizatı sistemləri şaxtalarda quraşdırılıb. Dik dayaqlar uzun müddətdir istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verir. Bu da mənzillərin və zirzəmilərin su ilə dolmasına səbəb olur.
Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması və məhəllədaxili şəbəkənin yenidən qurulması gələcəkdə binaların zirzəmilərinə su axıntılarının qarşısını alacaq, su itkilərini azaldaraq xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir. Eyni zamanda hər bir mənzildə sayğacların quraşdırılması və sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, yaranmış borcların vaxtında toplanması və debitor borcların yaranmamasına gətirib çıxaracaq.
Qeyd edək ki, binadaxili su təchizatı sistemləri 2013-cü ildən “Azərsu” ASC-nin balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6000-dən artıq çoxmənzilli yaşayış binasıın daxili su təchizatı sistemləri yenidən qurulub.