Məişət istehlakçıları üçün qaz sayğacları pulsuz quraşdırılacaq.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AzerTimes-a verilən məlumata görə, qurum yeni inşa olunan çoxmənzilli binalarda sayğacların quraşdırılması zamanı sakinlərdən sayğacın dəyərinin tələb olunmasına dair müraciətləri araşdırıb.
Araşdırma zamanı məlum olub ki, mənzil tikinti kooperativi sayğacları enerji təchizatı ilə məşğul olan qurumlardan öz hesablarına aldıqlarını əsas gətirərək sakinlərdən sayğacların dəyərini tələb edir.
Qeyd edilən məsələlərin müzakirəsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində enerji təchizatı ilə məşğul olan qurumların nümayəndələri ilə görüş keçirib. Görüş zamanı mənzil-tikinti kooperativləri tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarına quraşdırılan qaz sayğaclarının dəyərinin sakinlərdən tələb edilməsi hallarına yol verilməməsinin və bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin zəruriliyi vurğulanıb.
Qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, bu ilin 1 iyul tarixindən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılması tələbi qeyd olunacaq.