Xəbər - Fərid Zöhrabov – Trend:
Son illər dövlət tərəfindən tikinti və daşınmaz əmlakın idarə olunması sahəsində xeyli islahat həyata keçirilib, müvafiq sərəncamlar verilib və normativ aktlar qəbul olunub.
Bunlarla yanaşı Azərbaycanda çoxmənzilli binaların idarə edilməsində müəyyən problemlər var.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bu gün mənzil idarəçiliyi ilə “JEK”lər, bələdiyyələr, Mənzil-tikinti korperativlərinin (MTK) komendant sistemi və ayrı-ayrı MMC-lər məşğul olurlar.
“Binalar tikilib başa çatdıqdan sonra, idarəetmə tikinti korperativlərindən alınıb sakinlərə verilməli və həmin binanın sakinləri idarəetməni özləri həyata keçirməlidirlər. Bu gün Bakı, Abşeron və Sumqayıtda iki minə yaxın yeni tikili var. Bu binaların çox az hissəsi sakinlər tərəfindən idarə olunur. Bəzən MTK rəhbərliyi binanın idarəetməsini sakinlərə vermək istəmir. Lakin qanunvercilik imkan verir ki, mənzil mülkiyyətçiləri özləri idarəetmə formasını seçsin. Əgər mənzil mülkiyyətçiləri idarəetmə formasını seçməyiblərsə, artıq bələdiyyələr buna müdaxilə etməlidirlər”, – ekspert bildirib.
Elnur Fərzəliyevin fikrincə həm yeni, həm köhnə binaların, həm də fərdi həyət evlərinin bir qurum tərəfindən idarə olunması daha yaxşı olar:
“Yəni mənzil sahiblərinin ödədiyi aylıq pullar bir qurum tərəfindən yığılarsa, təbii ki, çox böyük bir büdcə formalaşa bilər. Yığılan büdcə ilə binaların fasadı, liftləri, həyətyanı sahələri təmir olunar, baxımsız vəziyyətə düşməz”, – deyə ekspert bildirib.