Xəbər - Humay Ağacanova – Trend:
“Ethnosport” forumlarını bir il Türkiyədə, növbəti il başqa
ölkələrdə keçiririk. Bu il forumun ev sahibliyi Azərbaycana məxsus
oldu.
AzerTimes-ın
məlumatına görə, bunu Dünya “Etnoidman” Konfederasiyasının sədri
Bilal Ərdoğan deyib.
O qeyd edib ki, hazırda burada dünyanın 45-dən çox ölkəsindən
təmsilçilər var.
“Əsas məqsəd sözügedən idman növlərinin gələcək
prioritetləridir. Azərbaycanda da bu milli idman növlərinin
inkişafı üçün çox böyük gözləntilər var. Biz düşünürük ki,
Gədəbəydəki Yaylaq festivalını bu il yenidən keçirə bilərik. Hətta
ona bənzər bir festivalı Bakıda da keçirməyi planlaşdırırıq. Bu,
həm də daha çox kütləyə çatmaq deməkdir. Bu gün hörmətli nazirlə də
bu mövzunu danışırıq. Çövkən oyununun Azərbaycanda deyil, dünya
çapında tanınması üçün addımlar atılmalıdır. Çünki milli
mədəniyyətimizi dünyaya tanıtmağımız həm də ölkəmizi tanıtmağımız,
dünyaya daha geniş sferada göstərməyimiz deməkdir. Biz bunu üzvümüz
olan bütün ölkələr üçün etməyi düşünürük. Məqsəd odur ki, bizə yad
idman növlərini gətirməkdənsə, öz milli oyunlarımızı təbliğ edək,
tanıdaq. Bu da, eyni zamanda, ölkələrarası mədəni əlaqələrin də
inkişafına yol açır. Bu gün biz Azərbaycanın da sözügedən təbliğatı
apardığını görürük. İnşallah, bugünkü forum həm dünyada, həm də
Azərbaycanda ənənəvi idman növlərinə olan marağın artmasına səbəb
olacaq”, – deyə o bildirib.