Xəbər - Samir Əli – Trend:
Fevralın 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 85 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, monitorinq 84 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib.
32 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.