“COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar” mövzusunda vebinar keçirilib (FOTO)

28 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar” mövzusunda Vebinar həyata keçirilib.

Açılış nitqi ilə çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Elman Məmmədov vebinar iştirakçılarını salamlayaraq mövzunun aktualllığı ilə bağlı fikirlərini bölüşüb. O, COVID-19 xəstələrinə keyfiyyətli tibbi xidmətlərin göstərilməsində həkimlərlə yanaşı orta tibb personalının da rolunun vacibliyini vurğulayıb və tibb bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Tibb bacılarının xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmayan müxtəlif preparatları xəstələrə tövsiyə etməsinin yolverilməz olduğunu vurğulayan E.Məmmədov çıxışının sonunda vebinar iştirakçılarını aktiv olmağa, vebinardan maksimum faydalanmağa dəvət edib və vebinarın işini açıq elan edib.

200-dən çox tibb bacısının onlayn olaraq dinləyici qismində iştirak etdiyi Vebinarın elmi hissəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim, ürək-damar cərrahı, t.e.d Rəşad Mahmudovun moderatorluğu ilə davam edib.

Mərkəzi Gömrük Hospitalın rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanan Vebinarda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar Karantin Xidmətinin əməkdaşı Natiq Zülfüqarov, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva, Mərkəzi Gömrük Hospitalının həkim-metodisti, İnfeksiya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov və Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı, İnfeksiya Nəzarət Komissiyasının üzvü Gülyaz Fərəcova geniş təqdimatla çıxış edərək dinləyicilərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalı tərəfindən orta tibb personalı üçün silsilə şəklində davamlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Teqlər: