COVID-19-un yeni mutasiyası yayılmağa başlayıb, bir xəstə 9 nəfəri yoluxdura bilər

Xəbər - Humay Ağacanova -Trend:

Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVID -19 virusunun yeni mutasiyası – AY.4.2 (Delta plyus) yayılmağa başlayıb.

Ekspertlər qeyd edirlər ki, yeni ştammın “delta” ştammı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilər.Yeni mutasiyanın həmçinin daha çox kontakta meyilli olduğunu, onun simptomlarının daha qısa zaman kəsiyində özünü büruzə verdiyini vurğulayan ekspertlər, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olmasını, üçüncü doza vaksinasıyanın sürətləndirilməsinin zəruri olduğunu bildirib.

TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov AzerTimes-a açıqlaması zamanı qeyd edib ki,yeni mutant kimi qələmə verilən AY.4.2 ştamına “Delta plyus” ştamı deyilir:

“Delta plyus” ştamının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticismlərə qarşı müəyyən rezisdentlik göstərir”.

O həmçinin qeyd edib ki, bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub:

“Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur.

Ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya “Delta plyus” ştamına qarşı effektivliyini qorumaqdadır”.

Həkim-infeksionist Vüqar Cavadzadə isə AzerTimes-a açıqlaması zamanı bildirib ki, Azərbaycanda COVİD-19 virusunun bu mutasiyasına bu günə qədər yoluxan olmayıb:

“Bu növ, əsasən, İsrail, Rusiya və Türkiyədə yayılmağa başlayıb. Biz bundan sonra da COVİD-19 virusunun yeni növlərini görəcəyik. Mutasiyaya uğramaq bu xəstəliyin bioloji xüsusiyyətidir. Yeni mutasiya baş verdikdə ilk vaxtlar güclü yayılır. Bu da çox insanın xəstələnməsinə səbəb olur. Sonradan vaxt keçdikcə zəifləyir. COVİD-19 virusunun yeni mutasiyasına görə təşvişə düşməyə ehtiyac yoxdur. Ümumən, COVİD-19 virusuna yoluxanların əgər yan xəstəlikləri varsa, həmin şəxslər xəstəliyi ağır keçirirlər.

Son günlər ölkəmizdə COVİD-19 virusuna yoluxanların sayı getdikcə artır. Hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması vacibdir. Xüsusən, tibb işçiləri, xidmət sahələrinin işçiləri, yaşı 65-dən yuxarı şəxslərin 3-cü doza vaksinasiyası sürətləndirilməlidir.

Ümumiyyətlə, hamı üçüncü doza peyvədi vurdurmalıdır. Həmçinin, insanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlaması, qapalı məkanlarda maskadan istifadə etməsi vacibdir”.

Teqlər: