COVID-19 pandemiyası qadınların gözü ilə…

Geridən qoymaq üzrə olduğumuz COVID-19 pandemiyası neçə-neçə
həyatlara təsir etdi, nə qədər insanın psixologiyasını pozdu.
Pandemiya dövründə bütün dünyada məktəblərin bağlanması,
zorakılığının artması və ev işi yükünün çoxalması ilə gender
bərabərsizliyi biraz da artırmış oldu.

Müsahibim 32 yaşlı Nərgiz COVID-19 pandemiyası başlayan dönəmi
həyatından silmək istəyir.

“Mən o il haqqında danışmaq istəmirəm. Çünki o xəstəlik məndən
atamı aldı”.

Nərgiz 2020-ci ili unutmaq istəyir və inanır ki, hər şey
qaydasında davam edəcək. Atası isə onu heç vaxt tərk etməyib.

Digər müsahibim Rəhimə isə hər gün həm universitətə qəbul olmaq,
həm də pandemiyanın bitməsi üçün dua edib. Ali məktəbə daxil olmağı
bacarsa da, tədris ilinin başlanğıcında universitətdə ənənəvi
tədrisə qoşula bilməməsi ona çox təsir edib.

Sosial şəbbəkələrdə satış səhifələrindən birində gördüyü mavi,
üzərində qırmızı gülləri olan donu alıb, saçlarını darayıb və
kompüterin qarşısında ilk dəfə qrup yoldaşları ilə virtual olaraq
tanış olub. Hazırda onlayn tədrisə vida etməyin xoşbəxtliyini
yaşayan Rəhimə bir daha o illərin yaşanmamasını arzulayır.

4-cü sinif şagirdi Əsnad 2020-ci ilin yay ayında ailəsi ilə
birlikdə şəhərə köçüb. Onun dediklərindən belə məlum olur ki, Əsnad
üçün iki sevimli gün var: biri doğum günü, bir də məktəb
ləvazimatları almaq üçün bazarlığa getdikləri gün…

Elə hiss edib ki, bir daha məktəb bazarlığına gedib çanta ala
bilməyəcək. Axı evdə çanta götürməyə ehtiyac qalmır. Heç distant
formada keçirilən dərslərdə özünə yoldaş da tapa bilməyib. Yeni
məktəb, yeni sinif yoldaşları, müəllimlər, bir də yeni çanta ala
bilməməsi pandemiya dövrünü onun üçün ömürlük “unudulmaz” edib.

66 yaşlı Almaz nənə isə virusa yoluxmamaq üçün bacardıqca
ünsiyyətdən qaçıb, hava almaq üçün belə həyətə çıxmayıb, özünü evdə
təcrid edib. Deyir həyətdə necə oturaydım?… “Bəlkə yanımdan keçən
və ya mənimlə söhbət edən kimsə aktiv koronavirus xəstəsi idi. Tam
zamanında vaksinlərimi vurdurdum, xəstələnmədim. A bala, getsin o
günlər gəlməsin o nə idi başımıza gəldi?!”

Ən təsirlisi isə 27 yaşlı Ayselin (ad şərtidir) yaşadıqlarıdır.
5 il nişanlı qaldıqdan sonra toysuz gəlin köçüb. Vağzalı
çalınmadan, gəlinlik geyinmədən ağ, üstü naxışlı donla ata evini
tərk edib. Uşaqlıqdan anasının xələtlərini geyinib tez-tez ana, bax
gəlin oldum deməsi ilə bəlkə də bu arzusunun ondan alındığını
düşünür:

“Əvvəlcədən nə isə barədə danışıramsa, reallaşmır. Bu arzum da
onlardan biridir”. Yazmaq istədiyi hekayəsinə zamanı qaytarıb
tamamilə silməyi arzulayır.

Dünyanı cənginə alan koronavirus pandemiyası bir çox sahibkarı
müflis etmişdi. Ayselin həyat yoldaşı da bu şəxslərdən biri olub.
Onun kiçik biznesi batıb, elə problemlər də o gündən başlayıb.
Həyat yoldaşının götürdüyü borclar və davamlı olaraq borcverənlərin
etdiyi zənglər ömür-gün yoldaşını heç tanımadığı bir adama
çevirməyə bacarıb. Hər gün dava, hər gün aldığı yaralar. … Bu gün
körpəsinə özü baxır. Yoldaşı isə ağ ölüm adlandırdığımız
“narkotik”in qurbanlarından biridir.

2019-cu ilin dekabr ayının ortalarından COVID-19 böhranı dünyada
yayılmağa başladı. Araşdırmalara görə, respondent qadınların 22
faizi ailə-məişət yükünün artmasına görə təhsilini yarımçıq
saxlamalı olublar. Bu qadınların 63.6 faizi uşaqlıdır, 95.4 faizi
paytaxtda yaşayanlardır. Ümumilikdə, pandemiya dünyanın 190-dan çox
ölkəsini və bütün qitələri əhatə etməklə təxminən 1.6 milyard
təhsilalana təsir edib. Lakin bu mübarizədə zərif adlandırdığımız
qadınlar təhsil və səhiyyə sektorunda çalışanların böyük hissəsini
təşkil etdilər. Qadınların təxminən 40-50 faizi zorakılıqla
üzləşdiyi zaman müraciət edə biləcək yer tapa bilməyib.

Bu illərin bizdən aldıqlarından əlavə qazandıqlarını da
unutmamalıyıq. Həm qadınların, həm də kişilərin övladlarına daha
çox zaman sərf etmək üçün imkanı yarandı. İnsanlar bir-birinin
dəyərini daha yaxşı anlamağa başladılar. Müxtəlif sahələrdə çalışan
şəxslər kariyeralarının inkişafı üçün daha çox araşdırmalar edərək
biliklərini dərinləşdirdilər. Artıq sevincli-kədərli o günlər
geridə qaldı. Azərbaycan cəmiyyəti virusa qalib gəldi. May ayının
birindən etibarən soyuq havada sevdiyimiz, istidə cərimənin
“qorxusu” ilə taxdığımız maskalarla vidalaşdıq. Ümid edirəm ki,
karantin rejimi tətbiq edilən zaman qədrini daha çox bildiyimiz
karantinsiz günlər kimi qadınlarımızın da qiymətini bir gün daha
çox anlayacağıq.

Qadın gülərsə, dünya gülər, qoy maskadan azad olan üzlər həmişə
gülsün!

Nərmin Mirvalehqızı

Teqlər: