Xəbər - Ləman Zeynalova – Trend:
COVID-19 pandemiyası Belçika-Azərbaycan münasibətlərində müsbət dinamikaya mane olmayıb.
Bunu AzerTimes-a Belçikanın Azərbaycandakı səfiri Bert Şofs deyib.
O bildirib ki, uzun illər ərzində Azərbaycan və Belçika hökumətləri iqtisadiyyatın bir çox sahələrində, xüsusilə də energetika, infrastruktur, logistika, eləcə də tibb və əczaçılıq sahələrində əməkdaşlıq edir:
“Qeyd etmək lazımdır ki, bir ildən çox davam edən COVID-19 bu dinamikaya mane olmadı. Bütün dünyada ticarət missiyaları fiziki olaraq dayansa da, biznes davam edir və Belçika şirkətləri Azərbaycan bazarında fəaliyyətini davam etdirir”.
Səfir qeyd edib ki, 2020-ci il dekabrın 31-i Azərbaycanla Belçika arasında enerji sahəsində münasibətlərlər üçün vacib tarix olub:
“Həmin gün “Cənub Qaz Dəhlizi”nin son seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) istismara verilib. Belçikanın “Fluxys” şirkəti TAP-ın səhmlərinin 19 faizinə sahibdir. Bundan başqa, SOCAR və “Fluxys” digər strateji enerji layihələri üzrə də tərəfdaşdır. Bərpa oluna enerji sahəsində 2021-ci il aprelin 5-də Naxçıvan Muxtar Respublikasında 5 meqavatt gücündə günəş elektrik stansiyasında montaj işləri başa çatıb. Beləklilıə, Belçika texnologiyası ilə inşa edilən günəş elektrik stansiyasının ümumi gücü 32 meqavatt təşkil edib”.
Belçika şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində layihələrdə iştirakı məsələsinə gəldikdə B.Şofs bildirib ki, Belçika şirkətləri bütün zəruri sahələrdə öz xidmətlərini təklif etməkdə maraqlıdır:
“Son aylarda Azərbaycan hökuməti münaqişənin ziyan vurduğu ərazilərin bərpasına böyük diqqət ayırır. Mən əminəm ki, insanların və məhsulların hərəkətinə diqqət ayırmaqla regional inkişaf həm yerli əhalinin rifahı üçün vacibdir, həm də regionda gərginliyin azalmasına kömək edəcək. Bu sahədə Azərbaycana kömək etmək üçün Avropa İttifaqı Dünya Bankı və BMT ilə birgə “Bərpa və sülh quruculuğunun qiymətləndirilməsi” adlı xüsusi struktur yaradıb. Hazırda bu qurumlar və Azərbaycanın səlahiyyətli nazirlik və qurumları qiymətləndirməni başa çatdırır. Mən bu işlərin nəticələri barədə Belçika hökumətini və həmin layihələriin reallaşdırılmasında faydalı ola biləcək şirkətləri məlumatlandıracağam”.
(Tərcümə: Orxan Nəbiyev)