COVID -19: Azərbaycanın təşəbbüsləri bütün dünyada böyük rəğbətlə qarşılanır

2020-ci il dünya dövlətləri öz fəaliyyətlərini pandemiya ilə mübarizəyə həsr etmək məcburiyyətində qaldılar. Elə Azərbaycan da ilk gündən etibarən bu prosesi yaxından izlədi və demək olar ki, pandemiya dönəmini ən az itki ilə arxada qoya bilən dövlətlərdən biri olmaqdadır. Hətta ölkəmizin pandemiya ilə mübarizədə göstərdiyi səylər və həyata keçirdiyi siyasət əksər beynəlxalq təşkilatlar və bir sıra aparıcı dövlətlər tərəfindən müsbət qiymətləndirildi. Həmçinin Azərbaycanın bu istiqamətdəki addımları nümunəvi addım olaraq qəbul edildi.

AzerTimes xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, pandemiya başladığı ilk günlərdən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq epidemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlara start verilib: “Ölkəmizdə qlobal böhranın aradan qaldırılması istiqamətində görülən işlər infeksiyanın nəzarət altında saxlanmasına, əhalinin təhlükəsizliyinin və sağlamlığının etibarlı təmininə yönəlib. Ölkəmizdə qısa zamanda səhiyyə infrastrukturunun koronavirusla mübarizəyə istiqamətləndirilməsi pandemiyaya qarşı mübarizədəmühüm rol oynayıb. Belə ki, virusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunmasında vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsi baxımından böyük rol oynayan modul tipli xəstəxanaların inşasının müstəsna əhəmiyyəti olub. Ölkəmizdə koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, eyni zamanda, maska istehsalı müəssisəsinin açılması, yeni təcili tibbi yardım avtomobillərinin təminatı kimi mühüm əhəmiyyətli işlər həyata keçirilib. Azərbaycan çevik şəkildə ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb.

Göründüyü kimi, pandemiyanın yaratdığı fəsadların ölkəmizdə daha az hiss olunması üçün dövlət tərəfindən bütün istiqamətlərdə lazımi tədbirlər görülür. Elə sərt karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi və sosial yardımlar da bu xüsusda əhəmiyyətli rol oynayır. Bu arada onu da qeyd edim ki, pandemiyanın tezliklə yox olmasında vaksinasiya da vacib amil hesab edilir. Bildiyimiz kimi, yanvarın 18-dən Azərbaycan da vaksinasiya prosesinə başlayıb və bu gün bu tədbir uğurla davam edir. Bunun nəticəsidir ki, artıq yoluxma sayında azalmaların şahidi oluruq. Məhz bunları əsas götürən Operativ Qərargah karantin rejimində yumşalmalara getməyi qərara alıb. Belə ki, mayın 31-dən bir sıra sahələr sərt karantin rejimindən çıxacaq”.

N.Həmzəyev onu da diqqətə çatdırıb ki, Azərbaycanın qlobal pandemiyaya qarşı beynəlxalq səylərin əlaqələndirilməsi təşəbbüsləri bütün dünyada böyük rəğbətlə qarşılanır: “Azərbaycan özünün milli maraqlar üzərində qurulan siyasətini daim qlobal miqyasda meydana çıxan aktual çağırışlarla əlaqələndirir. Bu baxımdan ölkəmizin, şəxsən Prezident İlham Əliyevin qlobal pandemiya şəraitində irəli sürdüyü bir sıra təşəbbüslər də təqdirəlayiqdir. Əlamətdar haldır ki, Azərbaycanın qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsini hədəfləyən təşəbbüsləri bütün dünyada böyük rəğbətlə qarşılanıb. Məsuliyyətli dövlət olan Azərbaycan COVID-19-a qarşı milli səviyyədə ciddi mübarizə apardığı kimi, qlobal həmrəyliyin güclənməsinə də öz töhfələrini verdi. Belə ki, respublikamız Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü ianə etdi, 30-dan çox ölkəyə maddi dəstək göstərdi. Bundan başqa, Azərbaycanın təşəbbüsü əsasında Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, həmçinin BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirildi. Dünya dövlətlərinin bir araya gəldiyi həmin tədbirlərdə Qlobal pandemiya ilə mübarizənin aktual məsələləri müzakirə olundu. Dünya dövlətlərinin liderlərinin 28 May – Respublika Günü münasibətilə dövlətimizin başçısına ünvanladıqları məktublarda Azərbaycanın qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə yönələn təşəbbüsləri yüksək dəyərləndirilib. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer öz məktubunda vurğulayıb ki, bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir. Çin Xalq Respublikasının Sədri Si Cinpin də Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda COVID-19 pandemiyasına qarşı birgə mübarizədə əldə olunan nəzərəçarpacaq nəticələrdən bəhs edib. Bütün bunlar onun sübut edir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin ayrılmaz parçasıdır, dövlətimizin başçısının dünyadakı nüfuzu gündən-günə artır”.

Teqlər: