COVAX ÜST, Aİ və 10 Qərb ölkəsi tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndlərinin tanınmasına çağırıb

Dünyada koronavirus əleyhinə peyvəndlərə bərabərhüquqlu əlçatanlığı təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və tərəfdaşları tərəfindən yaradılan beynəlxalq COVAX mexanizmi dünya birliyini ÜST və ya Avropa İttifaqı və 10 Qərb ölkəsinin strukturları da daxil olmaqla 11 tənzimləyici orqan tərəfindən təsdiqlənmiş peyvəndləri tanımağa çağırıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə COVAX-ın Cenevrədə dərc edilən bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Dünyanın bəzi yerlərində səyahətlərə icazələr verilməyə başladığını nəzərə alaraq, COVAX bütün regional, milli və yerli hakimiyyətləri Ümumdünya Səhiyyə Təşkilatı və/və ya 11 ciddi tənzimləyici orqan tərəfindən təhlükəsiz və effektiv hesab edilən COVID-19 peyvəndləri ilə vaksinasiya olunmuş bütün insanları tam peyvənd olunanlar kimi tanımağa çağırır”.


Vurğulanır ki, yalnız ÜST tərəfindən təsdiqlənmiş peyvəndlərlə vaksin olunmuş insanlara səyahətə icazə verilməsi qlobal peyvənd boşluğunu daha da artıracaq və bərabərsizliyi daha da ağırlaşdıracaq.

COVAX “ciddi tənzimləyici orqan”lar siyahısına Avropa Dərman Agentliyi (EMA), həmçinin Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Niderland, ABŞ, Fransa və İsveçrənin müvafiq strukturlarını aid edib.