COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik…

Xəbər - Alpər Ziya – Trend:

Koronavirus pandemiyası səbəbindən hazırda bütün ölkələrdə əsas diqqət vaksinasiya prosesinə yönəldilib. Digər dövlətlər kimi Azərbaycan da artıq bu prosesə qoşulub.

Lakin vaksinin dünyada bərabər və ədalətli formada paylanması ilə bağlı problemlər hələ də qalmaqdadır. Belə ki, COVAX (Vaccines Global Access Facility) təşəbbüsü üzv ölkələrin vaxtında vaksinlərlə təmin olunmasına, vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlıq prinsiplərinə əsasən bölüşdürülməsinə görə götürdüyü öhdəliyi yerinə yetirə bilmir.

Azərbaycan vaksinasiya prosesinə başlayan ilk ölkələrdən biri kimi bu məsələyə çox həssas yanaşır. Prezident İlham Əliyev də dəfələrlə bu məsələyə ilə bağlı narahatlığını ifadə edib.

Azərbaycan Prezidentinin fevralın 26-da yerli və beynəlxalq mətbuat nümyəndələrinin iştirakı ilə keçirilən və dörd saatdan çox davam edən mətbuat konfransında da vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlıq prinsiplərinə əsasən bölüşdürülməməsi məsələsinə yenidən toxundu. Xatırlatdı ki, Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən, Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib: “150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Sessiya ötən ilin dekabr ayında keçirildi. Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük.

Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük.

Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün, Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar”.

Göründüyü kimi, məznərədən belə çıxır ki, imkanlı dövlətlər bütün istehsalı özlərinə götürəcək, yoxsul ölkələr isə əziyyət çəkməkdə davam edəcəklər. Çünki təəssüflə qeyd etmək lazımdır ki, varlı ölkələrə lazım olandan çox miqdarda vaksin satılır və COVAX layihəsi çərçivəsində vaksinlərin satışına nəzarət edilmir. Bu da o deməkdir ki, COVAX öhdəliyindən irəli gələrək, üzv ölkələrin vaksinlərlə təminatı vaxtında və yetərincə həyata keçirilmir. Beləliklə, COVAX təşəbbüsü öz əhəmiyyətsizliyini göstərmiş olur.

Kanadanı misal çəkək. Bu ölkənin 38 milyon əhalisi var. Ancaq 154 milyon əhali üçün – düz 4 dəfə çox vaksin sifariş edib.

Digər fakta diqqət edək: İnkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki, inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Bu, ədalətsizlik və qeyri-bərabərlik deyilmi?

Bu işdə ortaya çıxan problemlərin birbaşa COVAX layihəsinin təşəbbüskarlarının səriştəsizliyi ilə bağlı olduğunu ekspertlər də təsdiqləyir.

Həmçinin, istehsalçı şirkətlər kommersiya maraqlarını üstün tutaraq, varlı ölkələrə lazım olandan artıq vaksinlər göndərirlər. Nəticədə, COVAX layihəsi çərçivəsində digər ölkələrə paylanmalı olan vaksin dozalarının sayı xeyli azalır və gecikmələr yaşanır.

Problemlərin həlli üçün COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır. Vaksinlərin bir neçə ölkənin əlində cəmləşməsi və digər ölkələrin vaksinsiz qalması düzgün deyil və pandemiya ilə mübarizəyə mənfi təsir göstərir.

Bu problem həll olunmasa, kasıb ölkələrin haqları tapdanacaq, insanların səhhəti, sağlamlığı risk altına düşəcək.

Onu da qeyd eək ki, hazırda Gürcüstan hökuməti də müxtəlif səbəblərdən COVAX proqramı çərçivəsində ölkəyə “Pfizer” vaksinlərinin verilməməsindən narazıdır. Lakin bu ölkənin həmin vaksinləri alması üçün guya tələblərə cavab verməməsi ilə bağlı iddialar da öhdəliyin yerinə yetirilməməsi üçün bəhanədir.

Teqlər: