COVİD-19 pandemiyası dünyanı öz cənginə aldıqdan sonra Azərbaycan bu bəla ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olmuş və bu istiqamətdə bir sıra mühüm təşəbbüslərlə çıxış etmişdir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçən ilin dekabrında BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiya keçirilmişdir. Azərbaycan bununla kifayətlənməyərək 30 ölkəyə pandemiya ilə mübarizə məqsədilə humanitar yardımlar etmişdir. Azərbaycanın bu səyləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də dəfələrlə yüksək qiymətləndirilmişdir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, Azərbaycan pandemiya ilə mübarizə məqsədilə irəli sürülən bütün mütərəqqi təşəbbüsləri dəstəkləmişdir. Həmçinin, Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biridir:
“Əldə olunan razılaşmaya əsasən, COVAX Azərbaycan tərəfinə öncədən müəyyənləşdirilmiş qaydada vaksinlər təhvil verməli idi. Artıq xeyli vaxt keçməsinə baxmayaraq, hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər isə COVAX tərəfindən Azərbaycana vəd ediləndən daha az sayda vaksin veriləcəyi barədə məlumat verilib. Diqqət çək məqam isə ondan ibarətdir ki, hətta bunun verilmə vaxtı qeyri-müəyyəndir.
Digər diqqət çəkən məqam isə ondan ibarətdir ki, COVAX dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırıb. Bu yanaşma qeyri-ciddidir və COVAX-a olan etibarı zədələyir.
Görünən odur ki, vaksin kimi önəmli səhiyyə məsələsində də ikili standartlara yol verilir. Pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, önəmli təşəbbüslərlə çıxış edən və 30 ölkəyə yardım edən Azərbaycana bu münasibət qəbul edilməzdir. COVAX ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verir və sözlərini yerinə yetirmir.
Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq, öz işini əvvəldən düzgün və etibarlı qurmuş və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında ölkəmizə tədarükünü təmin etmişdir. Ölkəmizdə vaksinasiya prosesi sürətlə gedir, artıq ölkəmizdə yarım milyona yaxın vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir. Regionumuzda ilk vaksinasiya kampaniyasına uğurla başlayan ölkə məhz Azərbaycandır.
Beləliklə, Azərbaycanın COVAX-a ilk qoşulan dövlətlərdən biri olması, həmçinin Çindən vaksinin vaxtında tədarükü ölkəmizin hər zaman olduğu kimi, öz vətəndaşının qayğısına qaldığını və bunun üçün səylə çalışdığının bariz nümunəsidir”.