Çorum və Füzuli şəhərləri qardaşlaşdı

Çorum və Füzuli şəhərləri qardaşlaşdı

Türkiyə səfiri və Türkiyə Çorum Bələdiyyəsinin nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilən Füzulidə olublar. Qonaqlar rayon ərazisində ermənilər tərəfindən dağıdılan tarixi, dini və mədəni abidələrlə, həmçinin azad olunan yurd yerlərimizdə dövlətimiz tərəfindən aparılan tikinti quruculuq işləri ilə tanış olublar.

AzerTimes xəbər verir ki, nümayəndə heyətinin qonaqlarını Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov müşayiət edib. Qonaqlar əvvəlcə işğaldan azad olunan ərazidə şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Həmçinin işğal zamanı ermənilər tərəfindən minalarla çirkləndirilmiş ərazilərə baxış keçirilib. Daha sonra Qaraxanbəyli kəndi ərazisindəki kənd ərazisindəki qəbiristanlığa baxış keçirən qonaqlar ermənilər tərəfindən dağıdılan kənddə faşizmin izləri ilə yaxından tanış olublar. Nümayəndə heyətinə məlumat verilib ki, erməni vandalizmi nəticəsində kənd tamamilə məhv edilib. Həmçinin kənddə olan məscid ermənilər tərəfindən tövlə kimi istifadə olunub. Növbəti dayanacaq yeri erməni vəhşiliyinə məruz qalan Merdinli kəndi olub. Xarabalığa çevrilən yaşayış yeri barəsində qonaqlara məlumat verilib. Qeyd edilib ki, Merdinli kəndi 28 il düşmən tapdağında qalıb və ötən dövr ərzində ermənilər kəndi talan edərək xarabalığa çeviriblər. Həmçinin düşmən bu əraziləri minalayaraq müdafiə zolağı kimi istifadə edib. İşğal illərində kənddə yerləşən evlər sökülərək həmin materiallardan özləri üçün səngər və digər hərbi təyinatlı tikililər yaradıb.

Daha sonra türkiyəli qonaqlar Füzuli rayonu ərazisində olan Köndələnçay su anbarının ərazisinə gəliblər. Onlara ermənilər tərəfindən törədilən ekoloji terror barədə ətraflı məlumat verilib.

Füzuliyə səfər edən nümayəndə heyəti şəhər mərkəzində də olub. Qonaqlar Füzuli şəhər mərkəzində erməni vəhşiliyinə məruz qalan dağıntılarla tanış olublar. Məlumat üçün bildirilib ki, 1993-cü il işğal gününə qədər təkcə şəhərdə 20 minə yaxın əhali yaşayıb. Şəhərdə 5-7 mərtəbəli çoxmənzilli binalar və fərdi yaşayış evləri olub. Həmçinin şəhər mərkəzində redaksiya, teatr binası yerləşib ki, bütün sadalanan tikililər yerlə-yeksan edilib. Hətta Məhəmməd Füzulinin mərkəzdə yerləşən abidəsi tamamilə yox edilib. Səfər zamanı Qarabağ iqtisadi rayonunda aparılan tikinti quruculuq işləri barədə qonaqlara məlumat verilib.

Daha sonra qonaqlar Füzuli Beynəlxalq Hava Limanında olublar. Qarabağ iqtisadi rayonunda daha bir tarixi gün yaşanıb. Füzuli şəhəri və Çorum şəhərinin Qardaşlaşma sənədi imzalanıb.

Teqlər: