Bu ilin 11-22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müddətində işə cəlb ediləcək 10 000 nəfərdən artıq əməkdaşın istifadə edəcəyi uniforma geyimləri ictimaiyyətə açıqlanıb.
AzerTimes xəbər verir ki, COP29 korporativ rəng və üslubuna uyğun hazırlanmış bu geyim formaları konfrans çərçivəsində müvafiq əməliyyatların təşkilində və icrasında iştirak edəcək heyət üzvləri arasında bərabərliyi, komanda ruhunu və ekoloji məsuliyyəti vurğulamaq məqsədilə vahid stildə işlənmişdir. İşçilərin rahatlığını və funksionallığını təmin etmək üçün xüsusi olaraq dizayn edilən uniforma dəstlərinə uzunqol və qısaqol polo köynəklər, şalvarlar, kepkalar, hudi jiletlər, bel və çiyin çantaları daxildir.
COP29 iqlim konfransının formatına uyğun olaraq, uniforma komplektlərinə daxil olan elementlərdə dayanıqlılıq prinsipi əsas götürülmüşdür. Belə ki, bu elementlər ekoloji cəhətdən təmiz və təkrar emal edilə bilən materiallardan hazırlanmışdır ki, bu da COP29-un iqlim dəyişmələri ilə mübarizə üzrə öhdəliyini əks etdirir. Bundan əlavə, COP29 tədbir əməliyyatlarının xalis sıfır emissiya prinsipinə müvafiq olaraq uniformalar yerli tərəfdaş tərəfindən təmin olunmuşdur.