COP29: Azərbaycanda toy-nişan qadağan edilir?

COP29: Azərbaycanda toy-nişan qadağan edilir?

Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Noyabr ayının 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb. Tədbirlə əlaqədar Bakıda bəzi məhdudlaşdırıcı addımların atılacağı da açıqlanıb. Məhdudlaşdırıcı tədbirlər çərçivəsində distant təhsilə keçiləcəyi, o cümlədən təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı, hətta bununla bağlı şəhərdə fəaliyyət göstərən şadlıq evlərinə xəbərdarlıq edildiyi bildirilir.

AzerTimes xəbər verir ki, mövzu ilə əlaqədar “Qaynarinfo” Bakıda fəaliyyət göstərən şadlıq evlərinə sorğu ünvanlayıb.

Nizami rayonundakı şadlıq saraylarından birinin nümayəndəsi COP29 ərəfəsində şənlik mərasimləri ilə bağlı məhdudiyyətlər qoyulduğunu təsdiqləyib:

“Bakıda böyük tədbir keçiriləcək. Bununla bağlı noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur”.

Babək prospektində yerləşən şadlıq evlərindən birinin əməkdaşı da həmin tarixə sifariş qəbul edilmədiyini deyib:

“Bir neçə günə bizə məlumat verəcəklər. Bu səbəbdən də sifarişi dayandırmışıq”.

Binəqədi rayonundakı şadlıq evinin nümayəndəsi isə hələlik məsələ ilə bağlı onlara hər hansı bir məlumatın verilmədiyini diqqətə çatdırıb:

“Şayiəni camaat yayır. COP29-un toya nə aidiyyəti? Tədbirlər ayrı-ayrı məkanlarda baş tutacaq. Belə məlumatları yayıb camaatın toyunu ləngidirlər”.

Nəsimi rayonun da şadlıq evlərindən birinin nümayəndəsi vurğulayıb ki, hər hansı xəbərdarlıq almadıqları üçün həmin tarixə sifariş götürürlər.

Teqlər: