Ekoloji maarifləndirmə və iqlim dəyişmələri ilə mübarizədə gənclərin fəal iştirakının təmin edilməsi, bu sahədə aktiv təcrübənin qazanılması, həmçinin ölkədə irimiqyaslı və qlobal əhəmiyyətli tədbirlərin təşkili sahəsində peşəkar gənclərin yetişdirilməsi məqsədilə təsis edilən COP29 Akademiyasının açılış mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, mərasimdə, test və müsabiqələr nəticəsində 360 namizəd arasından COP29 Akademiyasına qəbul olunan 29 gəncin adı açıqlanıb.
Tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova iştirak edib.
COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev çıxış edərək Akademiyaya qəbul olunmuş gəncləri təbrik edib, iqlim dəyişmələri ilə mübarizə sahəsində bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb və bildirib ki, iqlim dəyişmələri ilə mübarizədə müasir texnologiya və innovasiyaları təqdim etmək potensialı ilə gənclərin qlobal tədbirlərdə iştirakının böyük önəmi var.
COP29 Akademiyasının seçim mərhələsi və tədris proqramı barəsində ətraflı məlumat verən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova qeyd edib ki, Akademiyada tədris prosesi sentyabr ayının əvvəlinə qədər davam edəcək və müxtəlif modullardan ibarət Akademiyanın tədris proqramı çərçivəsində iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf üçün imkanlar təklif edilməklə onların layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi və s. kimi yumşaq bacarıqlara və dayanıqlılıq sahəsində biliklərə yiyələnməsinə şərait yaradılacaq.
Qeyd edək ki, COP29 Akademiyasının xüsusi fərqlənən iştirakçıları Əməliyyat Şirkətində müxtəlif funksiyalar üzrə işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb ediləcəklər.