Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilən tədbirində iştirak edən Çin nümayəndə heyətinin bir qrupu ilə görüşüb.
AzerTimes xəbər verir ki, ADU-da qonaq olan heyətin tərkibində Xudjou şəhərinin bələdiyyə sədrinin müavini Şi Yitinq, şəhər bələdiyyəsinin baş katibinin müavini Lu Xiaoha, Bələdiyyə Komitəsinin Ekoloji Sivilizasiya İdarəsinin direktor müavini Xia Vei, Xudjou Bələdiyyə Təhsil Bürosunun direktoru Çen Jianliang, Nanxun Rayon Xalq Hökumətinin icra başçısının müavini Xiong Zhuoyue, Liderlik Qrupunun üzvü, CPC Xudjou Bələdiyyə Komitəsinin Təşkilat şöbəsindən Lu Xiaohon iştirak edib.
Qonaqları salamlayan ADU-nun rektoru, akademik Kamal Abdulla COP29-la bağlı fikirlərini səsləndirib.
Qeyd olunub ki, ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirə böyük maraq var:
“Möhtəşəm bir tədbirə ev sahibliyi edən Azərbaycana səfəriniz bizi son dərəcədə məmnun edir. Biz hamımız böyük əhəmiyyət kəsb edən COP29-un açılış mərasimini izlədik. Şadıq ki, iştirakçılar arasında Çindən olan nümayəndə heyəti də var.
Sizin təmsil olunduğunuz şəhər bizim üçün doğmadır. Sevinirik ki, ADU-da Konfutsi İnstitutunun açılışından sonra Xudjou şəhərində də Azərbaycan dili və mədəniyyətini təmsil edən mərkəz fəaliyyətə başlamışdır. Fürsətdən istifadə edib yaradılan şəraitə və imkanlara görə Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyi universitetin rəhbərliyinə minnətdarlığımızı bildiririk”.
Xudjou şəhərinin Bələdiyyə sədrinin müavini Şi Yitinq Azərbaycanda keçirilən COP29-un əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, Azərbaycan və Çin arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələr yüksələn xətlə inkişaf edir. Vurğulanıb ki, bu əlaqələrin qurulmasında və inkişafında tarixi köklərə dayanan ənənələrin böyük rolu vardır:
“Bu gün biz şəhər turuna çıxdıq. Şəhəriniz çox gözəldir. Tarixi məkanlar bizi çox heyrətləndirdi. Heydər Əliyev Mərkəzində, Dağüstü Parkda olduq. Şəhər sakinlərinin qonaqpərvərliyi və səmimiyyəti bizi çox sevindirdi.
Arzu edirik ki, Azərbaycan və Çin arasında olan əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf etsin. İnanıram ki, hər iki ölkənin universitetləri arasında sıx əməkdaşlıq münasibətləri bundan sonra yeni perspektivləri özündə ehtiva edəcəkdir”.
Daha sonra qonaqlar ADU-nun nəznində fəaliyyət göstərən Konfutsi İnstitutunu ziyarət ediblər. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qonaqlara Konfutsi İnstitutun həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Görüş gələcək elmi əməkdaşlıq və tərəfdaşlıq imkanları ətrafında müzakirələrlə davam edib.