Consonun istefası: London Kremlə qarşı “yumşalır”?

Consonun istefası: London Kremlə qarşı “yumşalır”?

Türkiyənin Mərmərə Universitetinin professoru Giray Saynur Dermanın AzerTimes-a müsahibəsi:

– Saynur xanım, Britaniya Baş naziri Boris Conson istefa verdi. Sizcə, istefaya səbəb olan əsas faktorlar nədir?

– Sizinlə söhbətimiz ərəfəsində Consonun istefaya gedəcəyini demişdim. Budur, artıq müsahibə əsnasında birlikdə onun istefa qərarını eşitmiş olduq. Consonun belə addım atmasının müxtəlif səbəblərini sadalamaq mümkündür. COVİD-19 aktiv olduğu dövrdə Britaniyada ciddi qadağalar tətbiq olundu. Lakin Boris Conson özü bu qadağalara əməl etmədi. Mətbuatda və sosial şəbəkələrdə Consonun video-görüntüləri yayılandan sonra ona qarşı geniş bir etiraz dalğası meydana gəldi və bu da onun imicinə təsir etdi.

Hazırkı istefaların kökündə pandemiyadan sonra inflyasiyanın 8%-ə çıxması, enerji və iqtisadi problemlər, Ukrayna müharibəsi nəticəsində ölkəyə başlayan qaçqın axını dayanır. Eyni zamanda, hökumətin öz vəzifələrini doğru şəkildə yerinə yetirməməsi, səlahiyyətlərdən sui-istifadə və korrupsiya ilə bağlı iddialar da mövcuddur.

– Sizcə, Consonun istefası ölkəsinə və Londonun Ukrayna siyasətinə necə təsir göstərə bilər?

– Britaniya dünya təhlükəsizlik arxitekturasında xüsusi yeri olan çox önəmli ölkədir. Bu, Britaniyanın yaşadığı ilk böhran deyil. Bu ölkə ciddi dövlətçilik ənənəsinə sahibdir və onun haqqında “Üzərində heç vaxt günəş batmayan imperiya” ifadəsi hədər yerə deyilməyib. Çox qısa müddətdə böhran mərhələsinin geridə qalacağına və Londonun özünə gələcəyinə inanıram.

Ukrayna ilə bağlı siyasətə gəldikdə isə deyə bilərəm ki, Britaniya həm də NATO ölkəsidir və bu dövlətin siyasi xətti bəllidir. Rus oliqarxlara, Putinin yaxın ətrafına tətbiq edilən sanksiyalar, qarşıdan gələn qış və s. enerji təminatı məsələsində problemlər yarada bilər. Əgər London ciddi şəkildə sadaladığımız çətinliklərlə üzləşsə, Moskvaya münasibətdə müəyyən yumşalmaların olması mümkündür.

Amma unutmayaq ki, Conson hələ seçkilərə – oktyabr ayına kimi öz vəzifəsinin icrasını davam etdirəcək. Ona görə də Rusiyaya münasibətdə yumşalmaları yaxın aylarda gözləməyə dəyməz. Ümumiyyətlə isə qarşıdakı dövrdə bəhs etdiyimiz istiqamətdə hər şey yeni formalaşacaq parlamentdən, xarici siyasətdən və ona təsir edən amillərdən asılı olacaq.

Teqlər: