Xəbər verdiyimiz kimi, ABŞ-da yaşayan güneyli milli fəal, Günaz TV-nin rəhbəri Əhməd Obalı 6 nəfərin hücumuna məruz qalıb və vəhşicəsinə döyülüb.
AzerTimes xəbər verir ki, hazırda ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Əhməd Obalıya hücumla bağlı Güney təşkilatları ardıcıl bəyanatlar yayırlar. Birmənalı olaraq bunu terror hadisəsi kimi qiymətləndirən güneyli milli fəallar və siyasi qurumların fikrincə, Əhməd Obalıya sui-qəsd cəhdinin arxasında İran fars-molla rejimi dayanır.
Ancaq ABŞ-da yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlı hadisəni terakt kimi qiymətləndirməyin tərəfdarı olmadığı barədə açıqlama verib. O iddia edib ki, hadisədə terror izi görünmür.
Çöhrəqanlı bildirib ki, Əhməd Obalının restoranı da var və bəzən müştəriləri problemlər yaradırlar. Başqa sözlə, Çöhrəqanlı Əhməd Obalıya hücumun məişət səviyyəsində qiymətləndirməyə çalışan yeganə güneyli milli fəal kimi çıxış edib. Bu isə güneylilərin kəskin etirazına səbəb olub.
Sosial şəbəkələrdə paylaşımlar edən güneylilər Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu da İran fars-molla rejiminin məişət səviyyəsinə salmasına cəhd etdiyini xatırladaraq, M.Çöhrəqanlının bu açıqlamasının İran rejiminin düşüncə tərzi ilə eyniyyət təşkil etdiyini vurğulayıblar.
Bəzilərinin fikrincə isə M.Çöhrəqanlının bu cür açıqlama verməsinin səbəbi qısqanclığından irəli gəlir. Hesab edirlər ki, Çöhrəqanlı bu hadisədən sonra Əhməd Obalının milli fəallar, o cümlədən Güneydəki soydaşlarımız arasında nüfuzunun kəskin artacağını bildiyindən, indidən buna qarşı, yumşaq desək, qısqanc münasibət sərgiləyir. Güney Azərbaycan milli hərəkatına rəhbərlik iddiasında olan Çöhrəqanlının nüfuzlu güneylilərə qarşı hər zaman bu cür mövqe sərgilədiyi də iddia edilir.