Xəbər - Elçin Mehdiyev – Trend:
Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində işlər tamamilə yekunlaşdırılmışdır. Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Cocuq Mərcanlı kəndində ziyan dəymiş 46 yaşayış evi və qeyri-yaşayış obyekti təmir-bərpa olunub, 1 sahibkarlıq obyekti yenidən tikilərək sahibinə təhvil verilib.
Bu barədə AzerTimes-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Həmçinin, Füzuli rayonunda Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 13 yaşayış evi dağıdılmış, 360-a yaxın tikiliyə zərər dəymişdir. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman çərçivəsində görülmüş işlər nəticəsində 357 tikili təmir-bərpa olunub, 12 yaşayış evi tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda 1 yaşayış evi və 1 inzibati binanın inşası, o cümlədən 2 tikilinin təmir-bərpası yekunlaşmaq üzrədir. Yaxın zamanda Füzuli rayonu ərazisində tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılması planlaşdırılır.
Ümumilikdə 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digər tikililər üzrə görülən işlərin də ən qısa zamanda tamamlanaraq sakinlərə təhvil verilməsi, həmin ərazilərdə yaşayan əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr səfərbər edilib.